Nə deyim bu şəhərə?..
Ayaz Şirin
12 Aprel 2009 Bazar 00:55
Bu şəhərdə yağmur gec-gec gəldiyindən sevilən qonaqdır...
Bu şəhərdə sevdalar ayrılığa çevrildiyindən insanlar tənhadır...
Bu şəhərdə kişilər çətirsiz gəzər... “göydən nə yağır yağsın”...
Bu şəhərdə yağmura, yuyulası günahı çox olanlar düşər...
Bu şəhərdə gözdən kənar küçələr  öz divarlarına, uşaqlarına qısılıb toz ağlayarlar...
Bu şəhərdə ilğım olmaz...
Bu şəhərdə ehtiyacın olan yoxdursa, lazım olmayanın bərəkətliliyi tutar...
Bu şəhərdə qəzet köşklərində ən bəxtsiz insanlar işləyər...
...hər kəs içməsə də, kim varsa sərxoşdu.
...iç dünyaların qapısı unudulub.
...nə olur olsun səni anlayacaq birinin olmaması sonda səni sevindirər
...qəndi çayından dadlıysa, içməyə dəyərmi, amma içməlisən
 
Bu şəhər əyin-başını bəyənər...
Bu şəhər yollarında yüyürməyinə fikir belə verməz...
Bu şəhər dağların sıldırımlı baxışlarını unutmamışsa, qapılarına şükür etməli...
Bu şəhər alıb aparar səni yeyib-içməyə, doymasan belə masadan tez kənarlaşarsan...
Bu şəhər səni incitməyə başlayıbsa, bil ki, küçələr, yollar həndəvərini çoxdan bağlayıb...
...sənə ağlamağa bir künc qıymaz.
...ayaqlarına nifrət eyləyər.
...sənin nəfəsini rüzgara verib, xilas etmişcəsinə qollarını sinəsində çarpazlayar.
...əzizlərinə çoxdan torpaq paylamışdır.
 
Bu şəhərin pəncərələrində qalınmıqalın pərdələr var...
Bu şəhərin avtomobilləri alatoran və soyuqmusoyuq...
Bu şəhərin ürəyinin qan dövranı zəifləmiş...
Bu şəhərin günəşinin keyfi istəyəndə kökəlir...
Bu şəhərin sevdalılarının getməyə bir yeri yox...
...qocalarına eynək belə öhd eləməz.
...qanadları yorulub, bulaşıb tünd havadan.
...siqaretlərinin tüstüsü şirinləşib, qidaya çevrilib.
...otaqları pəncərələrdən görünən mənzərələrə boynun bükür.
... musiqiləri unudulmuşluqdan həzinliklə gəlir.
 
Bu şəhərə rüzgarlar yol üstü baş çəkib, tez də gedərlər...
Bu şəhərə əcəl eyi-işrətə gəlirmiş kimi özünü yetirir...
Nə deyim bu şəhərə?  Şəhərmi yoxsa...
                                                             Ayaz ŞİRİN
                                                               
oyunlar