Yaşar Nuri: Hələ də təbii yolla qida qəbul edə bilmirəm
02 Avqust 2012 Cümə Axşamı 14:11
Xalq artisti Yaşar Nuri Bakıya qayıtdıqdan sonra səhhəti barədə danışıb.
Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan və səhər saatlarında vətənə qayıdan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Nuri səhhəti ilə bağlı ekskluziv olaraq "Merkez.az" saytına danışıb:

"Həkimlərin məsləhəti ilə Bakıya qayıtmışam, özümü yaxşı hiss edirəm. İnşallah iki həftədən sonra yenidən Türkiyəyə müalicəmi davam etdirməyə gedəcəyəm". Xalq artisti Türkiyəyə növbəti gedişi zamanı səhhətində nisbətən irəliləyişlərin olduğunu dedi: "Nitqimdə müsbət dəyişikliklər var, danışığım daha aydındır. Amma hələ də təbi yolla qida qəbul edə bilmirəm. Süni yolla qida qəbul edirəm. İnşallah Allahın və həkimlərin köməkliyi ilə bu problemim də həll olunar".

Ürəyi səhnə və kino ilə döyünən sevimli sənətkarımız bu axşam Milli Kino günüylə bağlı Nizami Kino mərkəzində təşkil olunan mərasimdə də iştirak edəcəyini bildirdi.

Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından müalicə kursu keçir. Bakıda Mərkəzi Gömrük Xəstəxanasında müalicə aldıqdan sonra Türkiyənin Amerika Xəstəxanasında müalicəsini davam etdirib. İyunun 23-də Bakıya qayıdan xalq artistinin qəflətən hərarəti qalxdığı üçün o, yenidən Gömrük xəstəxanasına yerləşdirilib. İyulun 10-da isə yenidən Türkiyəyə aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar