Xurşudbanu Natəvanın öz əli ilə tikdiyi əşyalar tapılıb
11 Avqust 2012 Şənbə 11:32
Məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus əşyalar aşkara çıxıb.
Bu barədə “Azadinform”a 78 yaşlı təqaüdçü Sevil Cavanşir-Novruzova məlumat verib. Xeyriyyə işləri ilə el arasında böyük nüfuz qazanan, yalnız poeziyası ilə deyil, rəssamlıqla da məşğul olan Natəvan həm də nəfis əl işləri, tikmələri ilə də seçilib. Sevil xanımın sözlərinə görə, Xan qızının əl qabiliyyətinin məhsulu olan qadın üst köynəyi bu günədək qalıb:

“Təxminən XIX əsrin ikinci yarısında Natəvanın əmisi qızı Məşədi Münəvvər xanımın əri Nəcəfqulu bəyi (el arasında “Bığlı Nəcəfqulu” deyərmişlər-red.) düşmənləri öldürəndən sonra Xan qızı qohumlarını öz himayəsinə alır. Münəvvər xanımın dörd uşağından ikisini – oğlanları Qəzənfər və İbrahimi yanına aparıb oxutdurur. Xan qızı həmin vaxtlarda tikib qurtardığı yaraşıqlı köynəyi Münəvvər xanıma bağışlayır. Natəvanın saxladığı uşaqlardan böyüyü Qəzənfər əvvəl Şuşada, daha sonra isə Rusiyada təhsilini başa vurub qayıdır. Bundan sonra Münəvvər xanım oğlunu qardaşı qızı Asya bəyimlə, yəni mənim anamla evləndirir və Xan qızının yadigarı kimi həmin köynəyi gəlininə bağışlayır. Asya xanımın böyük qızı Şəhla – mənim bacım 1945-ci ildə Ağdamdakı ikiillik Pedaqoji İnstitutda təhsil aldığı dövrdə köynəyi anasından nəslin yadigarı kimi qəbul edib saxlayıb və sonra mənə hədiyyə edib.” Zərif parçadandır, yaxalığı milli naxışlarla işlənən köynəyin təxminən 125 yaşı var. Köynəkdə papiros külünün yandırdığı yerə şairə elə yamaq vurub ki, bunu heç kim sezə bilməz. S.Cavanşirovanın sözlərinə görə, 1950-ci ilə qədər köynəyin yaxasında dörd iri brilyant qaş olub. Şairənin 180 illik yubileyi ərəfəsində köynək Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.
Xan qızının yadigarlarından biri də təxminən 150 yaşı, maraqlı hekayəti olan fərməşdir (toxunma sandıq). 1885-ci ildə Xurşudbanu əmisi nəvəsi Qəzənfər ağanı başqa ölkəyə oxumağa göndərəndə yorğan-döşəyini yığmaq üçün öz evindəki fərməşlərdən birini ona hədiyyə edib. Qəzənfər ağa onu həm təhsil illərində, həm sonralar ailəsi isə düz ötən əsrin 70-ci illərinə qədər istifadə edib. Natəvanın xatirələri hopmuş fərməş hazırda Sevil xanımın oğlu Novruz İbrahimoğlundadır və qayğı ilə qorunub saxlanılır.
Xatırladaq ki, Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvanın anadan olmasının 180-ci ildönümüdür. “Zərif duyğular incisi” adlandırılan Natəvanın 1872-ci ildə öz hesabına Şuşa şəhərinə su kəməri çəkdirməsi indi də rəğbətlə xatırlanılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar