Xoca filmi Avropada nümayiş olunacaq
23 Fevral 2013 Şənbə 14:09
Vahid Mustafayevin Xoca filmi Haaqa və Rotterdam şəhərində nümayiş olunacaq.
“Xoca” filminin Avropa da ilk dəfə olaraq təqdimat mərasimi keçiriləcək. Film bu gün Hollandiyanın Haaqa və fevralın 24-də isə Rotterdam şəhərində nümayiş olunacaq. Xocalı faciəsini tam miqyasını özündə əks etdirən bu bədii filmin nümayişi Benilüks Azərbaycanıları Konqresinin təşəbbüsü ilə baş tutacaq.

Benilüks Azərbaycanıları Konqresinin mətbuat xidmətinin rəhbəri Nasir Mahmudovun ANS PRESS-ə verdiyi məlumata görə, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Benilüks ölkələrində müxtəlif anım tədbirləri keçiriləcək. Tədbiröncəsi bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto, video materiallar və Konqresin bəyanatı paylanacaq.

Tədbirlər planında fevralın 20-dən 26-dək Benelüksdə Xocalı həftəsi elan edilməsi, mövcud olan əyani vəsaitlərin çoxaldılaraq paylanması, KİV-lərdə məlumatların yayılması nəzərdə tutulub.

Bundan başqa, Benilüks Azərbaycanıları Konqresində birləşmiş Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda sərgi açılacaq.

Sərgidə müxtəlif foto, video materiallar, kitab və digər çap materialları numayiş etdiriləcək. Bundan əlavə, Benilüks Azərbaycanlıları Konqresi səfirliklər ilə birgə tədbir təşkil edəcək.

Tədbirdə Konqresin idarə heyətinin üzvləri, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Benilüks ölkələri hökumətinin rəsmi şəxsləri, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyət, bu ölkədə ali təhsil alan tələbələrimiz iştirak edəcəklər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar