Qobustanda pirlərlə bağlı tədbir keçiriləcək
15 Aprel 2009 Çərşənbə 16:50
Tədbirdə "Qobustan pirləri" adlı fotosərgi və "Qobustan pirləri" adlı video çarx da nümayiş olunacaq

"Bakı- İslam Mədəniyyəti Paytaxtı 2009" Mədəniyyət İli çərçivəsində aprelin 18-də Qobustanda "Qobustan pirləri" adlı tədbir keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qonaqlar öncə Qara Atlı pirini ziyarət edəcəklər. Tədbirə yerli və xarici qonaqlar, mətbuat nümayəndələri dəvət olunub.
Tədbirin birinci hissəsində "Qobustan pirləri" adlı fotosərgi və "Qobustan pirləri" adlı video çarx nümayiş olunacaq. (Rejissor Novruz Hikmət, operator Elxan Rüstəmov. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin işi.)
Tədbirin bədii hissəsi iki hissədən ibarət olacaq: Birinci hissədə balet kompozisiyası- əməkdar artist Samir Səmədov və xalq artisti, prezident mükafatçısı Mədinə Əliyevanın ifasında "Dərviş rəqsi" xoreoqrafik miniatürü, ikinci hissədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin qədim musiqi alətləri ansambllının çıxışı olacaq. Tədbirin sonunda xalq tətbiqi sənət nümunələrinin nümayişi və satışı keçiriləcək.
Qeyd edək ki, Qobustan Azərbaycanın qədim tarixə malik olan mədəni məkanlarından biridir. Bakı şəhərindən 70 km aralıda yerləşir. Əsrlər boyu Qobustan ərazisi müqəddəs torpaq hesab edilib. Burada kollektiv rəqs səhnələri, qurbanvermə mərasimləri, ov öncəsi müxtəlif ayinlərin keçirilməsi öz əksini qayaüstü rəsmlərdə tapıb. Qobustan qayaüstü təsvirlərinin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradılmasının güman edilməsi, qayalarda mehrablar, qazılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sayılması və s. kimi inamlara səbəb olub. Qobustan ərazisində pirlər və ziyarətgahların yerləşməsi bir daha sübut edir ki, bu torpaq müqəddəs insanların yaşayış yeri olub. Qobustan və onun ətrafında yerləşən ərazilərdə Şıxeyb baba, Diri baba, Sofi Həmid, Sofi Novruz, Qara atlı, Çörmə piri, Hürü qızları, Yel piri və s. pirlər və ziyarətgahlar var. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar