Qız qalasında yenidən təmir başlayıb
07 Mart 2009 Şənbə 20:55
Təmiri həyata keçirən Almaniya şirkəti görülən işə 50 il zəmanət verib

Azərbaycanın tarixi memarlıq abidələrindən biri olan Qız qalasında artıq 10 gündən çoxdur ki, təmir bərpa işlərinə başlanılıb. Buna səbəb vaxtında Qız qalasında düzgün restavrasiya işlərinin aparılmamasıdır. Bunun nəticəsində artıq qalanın bəzi daşları karroziyaya uğrayıb. Buna görə də İçəri şəhər dövlət tarixi memarlıq qoruğu idarəsində tez bir zamanda təmir bərpa işlərinə başlanılması qərara alınıb. “Atmosfer təsirləri nəticəsində bəzi hissələrində fasad hissələrində daşlar ovulub tökülüb. Sonra 19-cu əsrin ortalarında Şimal hissəsindən vurulmuş əhəng məhsulu öz təsirini artıq itirməkdə idi. Ona görə də İçəri şəhərin bərpa və konservasiya olunması məsələsi ortalığa çıxdı” – deyə sektor müdiri Elxan Məmmədov bildirib.
Ötən ilin ortalarında Almaniyanın "Remmers" firmasının nümayəndələri Bakıya gələrək Qız qalasına baxış keçiriblər. Onlar qaladan bəzi süxur nümunələri götürərək Almaniyada laboratoriyada tədqiq ediblər və qala daşlarına uyğun gələn xüsusi ilə tarixi abidələrin bərpası üçün hazırlanmış tikinti materialları hazırlanıb. Firmanın Azərbaycandakı nümayəndəsi Çingiz Neymanzadə deyir ki, hazırda qalada elə daşlar var ki, tamamilə korroziyaya uğrayıb. Belə getsə yaxın zamanda onlar dağılacaq və qalanın fasadında elə yerlər də var ki, ordakı daşların düşmə təhlükəsi çox böyükdür. “Vaxtilə restavrasiya keçiriləndə elə daşlar divara yapışdırılıb ki, öz keyfiyyətinə görə Qız Qalasında qədim vaxtlarda istifadə olunan daşlara tam uyğun deyillər. Bizim prinsip ondan ibarətdir ki, biz əski daşları hansı ki, tam dağılma təhlükəsindədir, biz onları yerində divarın içində saxlayaraq xüsusi tarixi abidələr üçün hazırlanmış bərpa rastvorları ilə bərkidirik və onlara ikinci nəfəs veririk”.
Firmanın nümayəndəsi yaxın 50 il ərzində qalanın hər hansı təmir bərpa işlərinə ehtiyyacı olmayacağına zəmanət verir və bunu tikinti materiallarının tərkibinin möhkəmliyi ilə izah edir. Belə ki, onların sement tərkibi yoxdu. Hamısı mineral maddələrdən hazırlanıb. Qeyd edək ki, sınaq işləri Qız qalasının şimal hissəsində aparılır. Gətirilən materialların hamısından qalanın bu fasadında hissə-hissə istifadə olunacaq".
Martın 13-ü sınaq işlər başa çatacaq və Azərbaycandan olan nümayəndə heyəti bura baxış keçirib seçim edəcək. Bu seçimdən sonra isə aprel ayından qalanın bütünlükdə təmir bərpa işlərinə başlanılacaq. Bu prosesin isə ən azı 6 ay vaxt aparacağı bildirilir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar