Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başa çatdı
06 Avqust 2012 Bazar Ertəsi 04:06
Qəbələ IV Beynəlxalq Musiqi Festivalında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatdı. 13 gün davam edən konsertdə Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Festival London Royal Filarmonik Orkestrinin solistlərinin çıxışı ilə başa çatıb. Orkestrin solistləri yüksək səviyyəli çıxışları ilə tamaşaçılara növbəti dəfə möhtəşəm klassik musiqi gecəsi bəxş ediblər.

İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının rektoru, Xalq Artisti Murad Adıgözəlzadə, violonçeldə Dmitri Yablonski, saksofonda Teymur Süleymanbəyli, klarnetdə Xalq Artisti Şükür Səmədov müşayiət ediblər.

Konsert ABŞ bəstəkarı Leonard Bernstaynın “Kandid” operasından uvertüra ilə başlayıb. Orkestrin solistləri konsertin ikinci hissəsini bütövlükdə ABŞ bəstəkarı Corc Gerşvinin yaradıcılığından nümunələrə həsr ediblər.

Sonra isə “Qafqaz Resorte” otelində festivalın başa çatması münasibətilə təşkil edilən ziyafətdə gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi Əməkdar Artist İsfar Sarabskinin ifası dinlənilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar