Parisdə xalq sənətkarlığımız sərgilənib
27 Fevral 2013 Çərşənbə 17:53
Fransa paytaxtında “Azərbaycan-ənənəvi və müasir incəsənəti” sərgisi nümayiş edilib.
Parisdə “Azərbaycan-ənənəvi və müasir incəsənəti” sərgisi nümayiş edilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən ANS PRESS-ə verilən məlumata görə, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib. Sərgini keçirməkdə məqsəd parisliləri Azərbaycanın xalq sənətkarlığı ilə tanış etməklə, xalqımızın ruhunu, mənəviyyatını və mədəniyyətinin zənginliyini paylaşmaqdır.

Sərgidə Azərbaycanın müasir sənətkarlarının xalça və xalça məmulatı, batika, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika, gəlinciklərdən və quru çiçəklərdən ibarət qədim ənənələr üzərində köklənmiş müasir sənət əsərləri nümayiş dilib.

Azərbaycan məişətinin ayrılmaz hissəsi olan xalça və xalça məmulatları xalçaçı-rəssamlar A. Rəcəbov, M. Hüseynov, L. Qarayeva, T. Abdullayeva, L. Xudayarova, N. Kornetova, M. Zeynalova, əl işləri olan “Əfşan”, “Namazlıq”, “Qobustan”, “Günəş”, “Əncir ağacı” və s. xovlu xalçaları, “Palaz” xovsuz xalçası, “Xurcun”, “Çanta” kimi xalça məmulatları, eyni zamanda B. Bəşirovanın, H.Məmmədzadənin, R. İsmayılov və Ə. İsmayılovun keçə, çətən, xovsuz xalça nümunələrinin müasir quruluşu və toxunuşu ilə diqqəti cəlb etsə də, ənənəvi xalça məktəblərinə əsaslandığını görmək olar. Bu ənənələrin cəlb edici nümunəsi sərgidə Xalça muzeyinin nadir eksponatlarından olan “Dəstərxan”ın surətidir.

Batika ustaları İ. Kostina, T. Ağababyeva, M. Nağıyev və N. Zaytsevin “Simurq”, “Xəzər mələyi”, “Saqi”, “Violençi qadın” və s əsərlərində sanki doğma vətənimizin rəngləri həkk olunmuşdur.

Bir-birindən gözəl, incə zövqlə və böyük bacarıqla işlənmiş “Pirəbədil”, “Quba”, “Şərəbənd”, “Buta” və s tikmələrdə müəlliflər – Ş. Əsgərova, Z.Fərhadova, G.Xəlilova, S. Səlimli, N. Əzizova, H. Hacımustafazadə, S. İsmayılov, X. Nəsirova, H. Əhmədova, Z. Seyidəliyeva, B. Əliyeva, G. Behbudova yun, ipək saplardan, parça və muncuqlardan istifadə edərək təkəlduz, qurama texnikası ilə nəfis sənət nümunələri yarada bilmişlər. M. Hacıyeva şəbəkəbənd texnikası ilə toxunmuş “Butalı” və “Dekorativ süfrə” sərgiyə başqa bir gözəllik qatır.

Xalq tətbiqi sənətin digər növü zərgərlik nümunələri E. Şamarayev, S. Baloğlanova, V. Xudaverdiyevin və Z. Rüstəmovun şəbəkə, quraşdırma, nəqqaşlıq və s. texnikalarda gümüşdən və müxtəlif daş-qaşlardan hazırlanmış sənətkarlıq nümunələri ilə təmsil olunur.

Ağac və metal üzərində oyma ənənəvi sənətkarlıq növlərindən biridir. Ağac oymalara O. Həşimov, A. Həsənov, İ. Babayev, C. Quliyev, Ə. Məmmədov, A. İmanovun “Mücrü”, “Nar”, “Sarmaşıq” “Natürmort” kimi əsərlərində, metal məmulatlara isə N. Əyyubovun, K. Əliyevin, R. Əyyubovun, H. Əyyubovun, Şaiq və T. Əliyevin əl işləri olan “Sərpuş”, “Məcməyi”, “Çıraq” və s. əsərləri ən gözəl nüçunələrdir.

Müəlliflər R. Bağırovun, S. Məmmədovun, C. Bayramlının, Ə.Əliyevanın, N. Sultanovanın, A. Məzairin “Dekorativ bulud”, “Qobustan”, “Həkimdədir”, “Leyli və Məcnun”, “Nizami” kimi əsərləri müasir keramika sənətinin gözəl nümunələrindəndir.
T. Qurbanovanın və N. Babayevanın hazırladığı milli gəlinciklərdə Azərbaycan məişətini və geyimlərini, S. Bağırzadənin quru çiçəklərdən hazırlanmış “Zəfəranlıq” kompozisiyasında isə təbiətimizi bacarıqla əks etdiriblər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar