Ozan Mədəniyyət Mərkəzinin 9 yaşı tamam olur
28 Aprel 2009 Çərşənbə Axşamı 16:25
Cəmiyyət 1999-cu ildə yaradılıb, 2000-ci ildə isə rəsmi qeydiyyatdan keçib

Rusiya Federasiyasının Çelyabinsk vilayətində fəaliyyət göstərən «Ozan» Azərbaycan Mədəniyyət Mərkəzinin 9 yaşı tamam olur. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, cəmiyyət 1999-cu ildə yaradılıb, 2000-ci ildə isə rəsmi qeydiyyatdan keçib.
Cəmiyyətin sədri, eyni zamanda Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk regional təşkilatının rəhbəri Rafael Quliyev 10 il əvvəl kiçik bir qrupun yaratdığı «Ozan»ın artıq inteqrasiya proseslərinin fəal iştirakçısına, Çelyabinskdəki milli-mədəni ictimai təşkilatlar arasında ən təşəbbüskar quruma, eləcə də Rusiyadakı azərbaycanlıların tanınmış təşkilatlarından birinə çevrildiyini bildirib.
Cəmiyyət sədrinin sözlərinə görə, «Ozan» Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədi xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini qoruyub yaşatmaq və təbliğ etmək, soydaşlarımızın müdafiə hüquqlarının təminatına yardımçı olmaq, Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüməkdə olan yeni nəslin ana dilimizı, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdir.
Qeyd edək ki, cəmiyyətin intermet saytı (www.ozan.ru) və eyni adlı qəzeti var. Bu qəzet Çelyabinskdə KİV-in VIII festivalında «ən yaxşı korporativ qəzet» nominasiyasında 1-ci yerin qalibi olub. Bundan başqa, «Ozan» cəmiyyəti bir sıra xeyriyyə məqsədli tədbirlər də görür. Məsələn, bələdiyyə müəssisələrinə, ictimai qurumlara sponsor yardımı, azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında rüblük «Kim? Harada? Necə?» bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir.
Rafael Quliyev bildirib ki, cəmiyyət «Dostluğun ipək yolu. Mədəniyyətlərin dialoqu. Çelyabinsk-Bakı» adlı kitab da nəşr etdirib. Cəmiyyətin gördüyü bütün işlər barədə ətraflı məlumat verən Rafael Quliyev deyib ki, «Ozan» AMM-in üzvləri gələcəkdə də mədəniyyətlər dialoqunun xeyirxah qonşular və əsl dostlar arasında dialoqa çevrilməsi üçün əllərindən gələni edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar