İTV-nin yeni baş direktoru seçildi
16 Aprel 2009 Cümə Axşamı 13:05
İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçildi. İctimai Televiziya və Radio Yayımları Şurasının bütün üzvləri onun "lehinə" səs verib.

 

Bu gün Milli Tele Radio Şurasında keçirilən iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru seçilib. ANSPRESS-in məlumatına görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şurasının 9 üzvündən 8-i iştirak edib. Yayım Şurasının bir üzvü Türkiyədə olduğuna görə, o, səsvermədə məktubla iştirak edib. Yayım Şurasının bütün üzvləri gizli keçirilən səsvermədə İTV-nin hazırki baş direktoru İsmayıl Ömərovun "lehinə" səs verib.

Daha sonra Yayım Şurasının üzvləri İsmayıl Ömərovu yenidən seçilməsi münasibətilə təbrik ediblər.

İsmayıl Ömərov ANSPRESS-ə bildirib ki, İTV kollektivi yarandığı 4 ildə teleməkanda fantastik yaradıcılıq yolu keçib: "İTV-nin əməkdaşları intellektual və peşəkarlığa malik olan şəxslərdir. Onlar bunu əməlləri ilə göstərdilər. Bundan sonra da Azərbaycanla bağlı məlumatlar İTV vasitəsilə dünya ölkələrinə yayımlanacaq. Bunun üçün beynəlxalq telekörpüləri inkişaf etdirməyə ehtiyac var".

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatdığına görə bu vəzifəni tutmaq üçün martın 31-dən aprelin 7-dək müsabiqə elan etmişdi. Müsabiqəyə 3 nəfər müraciət etmişdi. Bunlar İTV-nin hazırkı baş direktoru İsmayıl Ömərov, ATV telekanalının əməkdaşı Bəhruz Məhərrəmov və "Carçi-film" Yaradıcılıq Birliyinin direktoru Azad Məmmədov idi.

Anar Məmmədov/ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar