İnnovativ müsabiqəsi nəticələnib.
28 Fevral 2009 Şənbə 13:57
Azərbaycanda keçirilən «İnnovativ Müəllimlər» müsabiqəsinin yekunları açıqlanıb
Bakı. Aynur Vəliyeva – APA-ECONOMICS. Bu gün Bakıda «İnnovativ Müəllimlər» forumu keçirilib. Forumda Azərbaycanın təhsil naziri Misir Mərdanov, «Microsoft-Azerbaijan» şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundov, müsabiqənin ekspert jürisinin sədri Ramin Mahmudzadə, HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin biznesin inkişafı üzrə meneceri Rasim Baxşı («Xalq Kompüteri» layihəsi haqqında) və «MƏDƏD» Humanitar Təşkilatı İctimai Birliyinin direktoru Emil Məmmədov çıxış ediblər.
«APA-ECONOMICS»in məlumatına görə, müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarət olub. Müsabiqə iki nominasiya - «Məzmunda innovasiyalar» və «Tərəfdaşlıqda innovasiyalar» üzrə keçirilib.
«Məzmunda innovasiyalar» nominasiyası üzrə məktəbin dərs proqramında innovativ yanaşma və informasiya texnologiyalarından səmərəli istifadə etmək yolu ilə tədris proqramının hazırlamasına imkan verən ən yaxşı təhsil layihəsi kimi «Həyat fəlsəfəsində rəqəmlərin möcüzələri» layihəsinin müəllifi Bakı şəhərinin 7 saylı orta məktəbin müəllimi Gülnarə Səlimova seçilib. İkinci yeri Lənkəranın 10 saylı məktəbin müəllimi İlhamə Səfərova («Enerji» layihəsi), üçüncü yeri isə H.Əliyev adına liseyin müəllimi Ayna Sadıqova («Ətraf mühitin çirklənməsi» layihəsi) tutublar.
«Tərəfdaşlıqda innovasiyalar» nominasiyasında isə müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsi qismində «Virtual həyatda təhlükəsizliyini qoru» layihəsinin müəllifləri Bakı Avropa Liseyinin müəllimləri Rahilə Əliyarzadə və Bahar Kərimova qalib seçiliblər. İkinci yeri Bakı şəhərinin Z.Əliyeva adına məktəbin müəllimi Aygün Əzizova («Öyrənərək öyrədirik» layihəsi), üçüncü yeri isə Bakı şəhəri 189 saylı məktəbin müəllimi Zemfira Məhəmmədova («İnsan insanlar aləmində» layihəsi) tutub.
İki mərhələdə keçən müsabiqənin finalında 20 müəllim iştirak edib. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər «Microsoft-Azerbaijan» və HP şirkətləri tərəfindən təqdim olunan müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin «Microsoft» Korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına (2008-2012-ci illər) uyğun keçirilir. Müsabiqənin qalibləri Azərbaycanı martın 24-26-da Vyanada (Avstriya) təşkil olunacaq Avropa İnnovativ Müəllimlər Forumunda təmsil edəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar