Güllü Muradova senete döndü
12 İyul 2013 Cümə 08:53
Güllü Muradova Qarabağdır mekanım adlı albomunu teqdim edib.
2007-ci ildə “Heydər Əliyev Fondu”-nun təşəbbüsü və dəstəyi ilə keçirilən “Muğam müsabiqəsi”nin qalibi Güllü Muradova uzun fasilədən sonra sənətə dönüb. ANS PRESS-in məlumatına görə, xanəndə “Qarabağdır məkanım” adlı albomunu təqdim edib. Təqdimatda xalq artisti Nəzakət Teymurova, əməkdar artist Firuz Səxavət, tele-radio aparıcısı Səxavət Nur iştirak ediblər. Tədbirin aparıcısı Sənan Ellez idi. Təsəvvüf və muğamlardan ibarət, eləcə də klassik bəstəkarların mahnılarının daxil olunduğu albomun ərsəyə gəlməsində “Xarı bülbül” muğam qrupu və rəhbəri Əliağa Sədiyev, səs rejissoru Vilayət Qəhrəmanzadənin xüsusi rolu olub. Xanəndəni dəstəkləmək üçün gələn qonaqlar onun haqqında yüksək fikirlərlə çıxış ediblər. Güllü də öz növbəsində bundan sonra sənətində heç bir fasiləyə yol verməyəcəyini bildirib.

Xatırladaq ki, Güllü Muradova 1990-cı il Mayın 23-ü Bakıda anadan olub. Əslən Qarabağın Ağdam bölgəsindən olan gənc xanəndənin ailəsi onun lap uşaqlığdan musiqiyə olan marağını və xüsusi bir qabiliyyəti olmasını kəşf edir. Güllü 1996-cı ildə 288 saylı orta məktəbə daxil olub və 2007-ci ildə həmin məktəbi bitirib. 1999-cu ildə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 saylı orta ixtisas musiqi məktəbində təhsilini davam etdirərək Sabir Abdullayevdən muğam dərsləri alıb. 2005-ci ildə Orta İxtisas Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirib.

Təhsil aldığı müddət ərzində keçirilən musiqi yarışmalarında, festivallarda, konsertlərdə çıxış edərək müəyyən uğurlar qazanır. Güllü Muradova 2007-ci ildə “Heydər Əliyev Fondu”-nun layihəsi olan “Televiziya Muğam Müsabiqəsi”nə seçilərək birinci yerə layiq görülüb. 2008-ci ildə Milli Konservatoriyanın nəzdində yerləşən “Asəf Zeynallı adına Musiqi Kolleci”-nə daxil olan Güllü, təhsilini yenə də ustadı Sabir Abdullayevin sinifində davam etdirdi. Güllünün hər zaman qeyd etdiyinə görə ustadı Sabir Abdullayev müsabiqə boyunca çox əziyyət çəkib, onun qazandığı uğurlar əm də onun uğurlarıdır.

Güllü Muradova bir çox xarici ölkələrdə (ABŞ, Kanada, Mərakeş, Böyük Britaniya, Almaniya, Fransa və s.) olmuş, ölkəmizi və muğamımızı təmsil edib. Prezident təqaüdçüsüdür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar