Ənənəvi İslam Memarlığı Beynəlxalq Festivalı
17 Mart 2009 Çərşənbə Axşamı 10:35
Festivalda İtaliya, Qazaxıstan, Dağıstan, Türkiyə və Kiprdən mütəxəssis və tələbələr iştirak edir

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Romualdo del Bianko Fondu (Florensiya, İtaliya), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Tədqiqat Mərkəzi (İRCİCA) ilə birgə tələbələr və gənc memarlar üçün nəzərdə tutulan “Ənənəvi İslam Memarlığı” mövzusunda  “Dərəcə və İxtisas” adlı Beynəlxalq Festival təşkil edib. Nazirliyin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, festival 16-19 mart  tarixlərində Bakı şəhərində keçirilir.

Martın 16-da saat 10.00-da “Muzey Mərkəzi” binasında Festivalın təntənəli açılışı olub. Açılış zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Romualdo Del Bianko Fondunun sədri Paolo Del Bianko (Florensiya, İtaliya), Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Festivalın iştirakçılarını salamlayıb onlara uğurlar arzu ediblər.
İslam Tarixi, İncəsənəti və Memarlığı Tədqiqat Mərkəzinin (İRCİCA) Memarlıq Departamentinin müdiri Amir Paşiç Bosniya və Herseqovinanın bərpasına dair İRCİCA tərəfindən həyata keçirilmiş layihələr barədə məlumat verib. Memar Nəriman İmaməliyev tələbələr ilə memarlıq sirləri ilə bölüşüb. Festivalda İtaliyadan, Qazaxıstandan, Dağıstandan, Türkiyədən və Kiprdən mütəxəssis və tələbələr iştirak edirlər.
Festivalın məqsədi tələbə və gənc memarları beynəlxalq və yerli aparıcı memarlar ilə görüşdürmək, onların məruzələrini dinləmək və layihələri təqdim etməkdir.  Festivalın sonunda fərqlənmiş layihələrin müəllifləri diplomlarla təltif olunacaqlar. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar