Dövlət Film Fondunun yeni binası
14 Aprel 2009 Çərşənbə Axşamı 14:22
Fondda 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır

 

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə binanın foyesində Heydər Əliyevin Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişafındakı xidmətlərini əks etdirən fotoguşəyə, habelə Dövlət Film Fondunun tikintisi ilə bağlı şəkillərə baxıblar.
Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir. Bu mərtəbədə dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan “Edisson” kinoproyektoru, 1910-cu ildə istehsal olunan “Debri” kinokamerası, habelə “Kaspi” qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli yazının dərc olunduğu nadir nüsxəsi və sair nümayiş etdirilir.
Dövlət Film Fondunda, ümumilikdə, 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə qorunub saxlanan filmlərin təhlükəsizliyi də diqqətdə saxlanılır. Fondda siqnalizasiya və videomüşahidə sistemi qurulub. Ən qədim tarixi olan filmlərin qorunması məqsədi ilə xüsusi boks yaradılıb. Onların sayı təxminən 1000 ədəddir. Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan filminin nüsxələri Bakıya gətirilmiş və onlar fondun arxivinə daxil edilib.
Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri də daxil edilib. Fondun əməkdaşları bu şəkilləri iki ilə yaxın müddətdə şəxsi arxivlərdən yığıblar. Ötən əsrin 60-cı illərindən 90-cı illərin ortalarınadək istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar üzərində bərpa işləri aparılmışdır. Bu arxivə Avropa və Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı ölkələrdə çəkilən filmlərin fotoşəkilləri də daxil edilib.
Prezident İlham Əliyev videomontaj və bərpa otaqlarında yaradılmış şəraitlə tanış olub.
Fondda 60 əməkdaş çalışır. Burada onların işinin daha səmərəli qurulması üçün yeni texnikalar alınıb.
Dövlət Film Fondunda görülən işlər Azərbaycan kinosu incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan verir. Burada kino tarixi ilə bağlı tədqiqatların aparılması üçün də lazımi şərait var.
Yaxın gələcəkdə “Azərbaycanfilm”in binasında, çəkiliş pavilyonlarında da təmir və yenidənqurma işlərinin aparılması, kinostudiyanın texniki avadanlıqla təchiz olunması planlaşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar