Bu film artıq bizim namusumuzdur
28 İyul 2012 Şənbə 12:09
Sevda Kayqısız: Filmdə sənin ölkən, mənim ölkəm deyə bir məfhum yoxdur.
Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” filminin baş prodüseri Sevda Kayqızısın APA-ya müsahibəsi

- Sevda xanım, “Mahmud və Məryəm” filmində aktyorların Türkiyə türkcəsində danışması mütləq idi?

- Mən dublyaj etməyi sevməyən bir prodüserəm. Hər bir aktyorun öz səsi ilə səsləndirməsi mənim üçün daha vacibdir. Dublyaj olduğu zaman çəkilişdəki bütün emosiya tamamilə yox olur. Hazırda burada aktyorları türkcə hazırlaşdırmağımızın səbəbi də budur. Onların öz səsləri ilə real reaksiyanı almalıyıq. Onlar Azərbaycan türkcəsində danışsa, bu zaman Türkiyə üçün dublyaj lazım gələcəkdi. Bu, çox pis nəticə verə bilər. Dünyada belə bir şey yoxdur, hər kəsin öz səsi və reaksiyası ilə oynaması vacibdir.

- Yəqin xəbərdarsınız ki, Türkiyədəki kimi Azərbaycan televiziyalarında da nümayiş olunan bütün filmlər və seriallar yalnız dövlət dilində dublyajla verilə bilər. Bu da o deməkdir ki, “Mahmud və Məryəm” də Azərbaycan tamaşaçısına dublyajla təqdim ediləcək. Filmin dublyajında elə filmdəki türkiyəli aktyorların Azərbaycan türkcəsində öz səsləri ilə səsləndirmələri daha doğru olmazmı?

- Azərbaycan aktyorları dublyajda iştirak edəcək. Amma siz dediyiniz proses daha uzun olardı. Çünki çəkilişlər 6 həftə Türkiyədə olacaq və orada çoxsaylı yardımçı aktyorlar dəvət edəcəyik. Yəni bu qədər aktyorun Azərbaycan türkcəsində səlis səsləndirmələri uzun sürəcək. Yoxsa nədən olmasın. İnşallah, başqa bir filmimizdə bu ideyanızdan istifadə edərik.

- Bilirik ki, “Mahmud və Məryəm” filminin çəkilməsi ilk gündən Məlahət Abbasova və Sizin adınızla bağlıdır. Maraqlıdır, filmə çəkmək istədiyiniz, amma gec razılaşan hansısa aktyor olubmu?

- Nə Türkiyədə, nə də Azərbaycanda bu problemlə üzləşmədim. Önəmli olan yazıçının ideyasını pozmamaqdır. Yazıçının ideyasını onu pozmamaq şərtilə tamaşaçıya çatdırmaq üçün gözəl bir ssenari vacibdir. Ssenarini hər kəs o qədər bəyəndi ki, qısa müddətdə heç kimdən mənfi cavab almadım. Türkiyədəki problem bundan ibarət idi – orada 80-100 film çəkilir və bu aktyorların çoxu filmlərdə iştirak edir. Yalnız yay mövsümündə boş olurlar, o qədər yorulurlar ki, tətilə getmək istəyirlər. Amma bizdə Mahmud obrazını canlandıran Aras bütün bunları gözə alaraq bu təkliflə razılaşdı. Onun bir serialı var və Türkiyədə bir nömrədir. Həmin serialda oynadığı üçün digər filmə getməsi çox çətin və riskli bir şeydir. Arasla bu riski gözə alaraq yola çıxdıq. Bu rolu o qədər çox istədi ki, bu addımı atdı. Azərbaycan aktyorları ilə də heç bir problem yaşamadıq. Biz Türkiyədən Ziyad Xan obrazı üçün hansısa bir aktyoru gətirmək haqqında düşünmədik. Fəxrəddin Manafovla işləmək bizə çox asandır. Fəxrəddin bəyi ilk gördüyüm an Hollivud aktyoru kimi gözümün önündə canlandı. Sözlərimin heç birini şişirtmirəm. Azərbaycanda sizin aktyorlar, bizim aktyorlar sualı ilə çox qarşılaşıram. Amma sizin və ya bizim deyilən aktyor deyimi yoxdur. Bu filmə istəsəydik Hollivuddan da aktyor gətirə bilərdik. Bu sənətdir, siyasət deyil. Filmdə sənin ölkən, mənim ölkəm deyilən bir məfhum yoxdur. Rejissor istərsə Çindən belə öz axtardığını tapa bilər. Sənətə də belə baxılmalıyıq, biz məhz belə baxırıq. Bu sahədə ayrı-seçkiliyə lüzum yoxdur.

- Azərbaycan yazıçısının əsəri əsasında film çəkmək ideyası haradan yarandı?

- Məlahət Abbasova mənim 15 illik iş yoldaşımdır. Azərbaycanla iş görmək arzumu ona bildirdim, mənə bir əsər məsləhət görməyini istədim. Bildirdim ki, içində sevgi, nağıl, mistik bir şey istəyirəm. O da mənə bu əsəri məsləhət gördü, çünki özü onu oxumuşdu. Mən əsəri oxudum və həqiqətən də fəlsəfəsinə heyran oldum. Sanki bu bir sevgi hekayəsi deyil, burda başqa bir şey var idi. Bunun altında sevgini axtararkən başqa fəlsəfə çıxması məni cəlb etdi. Azərbaycan və Türkiyədə görüşlər təşkil etdik. Bu layihə hər iki ölkənin mədəniyyət və turizm nazirlikləri tərəfindən dəstəklənir və kiçik bir layihə deyil.

- Türkiyədə çəkilən filmlərin büdcəsinə az da olsa bələdik. Nəzərə alsaq ki, “Mahmud və Məryəm” filminə hər iki tərəf vəsait ayırıb, o zaman büdcənin böyük olduğu qənaətinə gəlinir. Filmin büdcəsini açıqlaya bilərsinizmi?

- Sözsüz, istəyərdik ki, bu layihəyə Hollivudda olduğu kimi, 100 milyon ayrılsın. Amma belə deyil. Söz verirəm, layihə başa çatdıqdan sonra filmin büdcəsini ilk əvvəl sənə açıqlayacağam. Filmin fijil effektləri üçün Amerikada məşhur bir şirkətlə anlaşdım və bu şirkətin işinə əminəm. Burada nə qədər pul xərclədiyimi bu gün deyə bilmərəm. Geyimlər də çox bahalıdır və hər biri əldə işlənib. Sadə kostyumlar tikdirməmişik, o dövrü əks etdirən geyimlərdir və fərqli şəkildə hazırlanıb. Bizdə filmə dövlət dəstəyi olmur, sadəcə kiçik büdcəli layihələrə pul ayrılır. Amma bu, fərqli bir layihə olduğu üçün Türkiyə tərəfi də pul ayırdı. Filmdəki geyimlər Türkiyədə hazırlandı. İstərdim ki, Azərbaycan tərəfi də bir türk əsəri seçsin və biz yenə də birgə çalışaq.

- Sizcə, Türkiyə film və serial sektorunun uğurunun sirri nədədir?

- İlk əvvəl filmlərə həqiqətən də külli miqdarda pul qoyulur. Ssenari, rejissor, kastinqlər və aktyor seçimləri üzrə kastinqlər çox düzgün aparılmalıdır. Eyni zamanda həqiqətən də yaxşı pul xərclənməlidir. Türkiyədə çoxsaylı telekanallar var və rəqabət güclüdür. Reklam bazarı çox yüksəkdir, kanalların reklam gəlirləri çoxdur. Zənnimcə, Azərbaycanda bu sistem hələ yoxdur. Bu kanalların hər biri özəl kanaldır və reklam gəlirləri çox olduğundan onlar vəsait tələb edən layihələrə imza atırlar. Nə qədər yaxşı iş görsən, o qədər də yaxşı pul götürə biləcəksən. Rəqabət varsa, keyfiyyətli iş də var. Bizim sürətimiz də çox yaxşıdır, həftədə bir seriya çəkirik və bu da bir filmə bərabərdir. Mən özüm də seriallar çəkirəm və bunun çox məşəqqətli bir iş olduğunu deyə bilərəm. Mən “Babam için” serialını çəkdim və yenisinə başlayacağıq. İstər filmdə, istərsə də serialda aktyorların təbii olması mütləqdir. Teatr fərqli, serial və kino tamamilə fərqli bir şeydir. Teatrda oynadığı kimi oynanılsa, əmin olun ki, o filmi heç kəs seyr etməz.

- Bu filmə də kifayət qədər pul xərclənir. Xərclənən pulu götürə biləcəyinizdən əminsinizmi?

- İki tərəfdən də dəstək görürük, artıq bu film bizim namusumuzdur. Hazırda nə qədər pul qoyduq və nə qədər qazanarıq deyə düşünmürük. Əgər yaxşı bir iş ortaya çıxarsam, o pulu hər bir yolla qazana bilərəm. Öncə bu pulu xərcləmək, ortaya yaxşı iş çıxarmaq haqqında düşünülməlidir. Sonra əminəm ki, bu filmlə bütün dünyanı gəzə biləcəyik. Önəmli olan bu filmi gözəl ortaya qoymaqdır. Çox istəyirəm ki, filmi seyr edərkən insanlar “İlahi, bu nə gözəl bir filmdir” desinlər. Bu, bizim qarşımıza qoyduğumuz ən böyük məqsəddir. Çünki bizim ilk birgə işimizdir.

- Filmin Azərbaycandakı çəkilişləri nə zamana kimi davam edəcək? Ümumilikdə film nə zaman hazır olacaq?

- Bu filmin gözəl və baxımlı olacağına inanıram. Əhvalım çox yaxşıdır, çünki çəkilişlərə çox böyük bir səhnə ilə başladıq və nə istədiyimizi ilk gündən görə bilirik. Bazar səhnəsini çəkdik, çox gözəl alındı və bu da məni sevindirir. Şəkidəki Xan Sarayının qala divarlarına heyran oldum. Biz onu effektlərlə daha gözəl bir vəziyyətə salacağıq. İlk gündən adətən çəkilişlər problemli keçir, amma bu dəfə heç bir problem olmadı. Hava da bəxtimizdən superdir.

Azərbaycandakı çəkilişlər avqustun 4-nə kimi davam edəcək. Sonra Türkiyədə çəkilişlərə başlayacağıq. Bizdə belə sistem var - çəkilişlərlə birlikdə montaj işlərinə də başlayırıq. Bu günlərdə Türkiyəyə gedəcəyəm, çəkdiklərimizi sınaqdan keçirmək lazımdır. Çəkdiklərimizi montaj edib buraya gətirəcəyəm. Sonra effektlərə başlayacağıq, effektlərin verilməsi də çox ağır bir işdir. Bu, çox vaxt aparacaq. Sonra rəng işinə başlayacağıq, rəng dünya standartlarına uyğun olmalıdır. Sonra səs, “Dolbi” və digər lazımi işləri görəcəyik. Düşünürəm ki, bütün bu proseslər noyabrın sonunda bitəcək. Ondan sonra da filmin nümayişinə qərar verəcəyik. Azərbaycanda filmi bitdiyi andan etibarən verə bilərik. Amma Türkiyədə əgər bir filmin daha çox tamaşaçı toplamasını istəyirsinizsə, əvvəlcədən onun ciddi “PR”ını aparmaq lazımdır. Filmdən diqqəti cəlb edən anonslar hazırlanmalıdır ki, hər kəs bu filmi seyr etmək istəsin. Sonra da vaxtını təyin edəcəyik. Türkiyədə filmin ilk nümayişi tarixi də çox böyük önəm daşıyır. Məhz ilk gündən böyük tamaşaçı auditoriyası qazanmaq üçün hərtərəfli götür-qoy etməliyik.

- Filmin dünyanın hansı ölkələrində nümayişi nəzərdə tutulur?

- Türkiyədə yeni film ekrana çıxanda 10 kinoteatrda deyil, Türkiyənin eyni anda bütün kinoteatrlarında nümayiş olunur və Avropada da eyni vaxtda kinoteatrlara girir. Filmin Almaniya, Hollandiya, Belçika, Fransa və digər Avropa, eyni zamanda ərəb ölkələrində yayımlanması nəzərdə tutulur. Bununla yanaşı, filmin nümayişi üçün TÜRKSOY-la da danışıqlar apardıq və bu ölkələrdə də nümayişi nəzərdə tutulur. Bizim çəkdiyimiz filmlərə Avropada ciddi mənada ehtiyac var. Məlahətlə bu yola bir çıxdıq və hazırda da bir yerdə addımlayırıq. Məlahət məni həqiqətən də çox yerlərdə sakitləşdirdi. Onun haqqını nə etsəm, ödəyə bilmərəm. Burdan onun ünvanına mahnı da oxuyuram:

Bərabər yürüdük biz bu yollarda,
Bərabər islandıq yağan yağmurda...

İki qardaş ölkənin kino işçilərinin bir yerə toplanması çox gözəl haldır. Bunun bir ənənəyə çevrilməsini arzu edirəm. Hər kəs bir-birinin ləhcəsini öyrənir, artıq görürəm ki, bizimkilər “sakit olun” deyir. Azərbaycan türkcəsində danışmaq çox xoşumuza gəlir. Biz hamımız türkük və ayrı-seçkilik etmək istəmirəm.

P.S. Sevda xanıma çəkiliş meydançasında APA-ya yaratdığı şəraitə görə təşəkkür edirik və iki qardaş ölkənin birgə layihəsində iştirak edən hər kəsə uğurlar diləyirik!


DOSTLARINLA PAYLAŞ:

oyunlar