“Always” mahnısına klip çəkilir
11 Mart 2009 Çərşənbə 12:15
Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi “Always” (“Hər zaman”) mahnısına Ukraynda klip çəkilir.
“Eurovision-2009” yarışması üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında deyib ki, artıq klip çəkilişləri bitmək üzrədir. Onun sözlərinə görə, “Always” mahnısının klipinin çəkilişləri İsveç mütəxəssislərinə həvalə olunub: “Klip çəkilişlərinə İsveç qrupunu cəlb etmişik. Rejissor başda olmaqla, bütün qrup üzvləri məhz isveçliləridir. Klipin çəkilişləri iki gün müddətində tamamlanacaq”.

A. Kərimlinin bildirdiyinə görə, klip çəkilişlərində Ukraynanın texniki avadanlıqlarından istifadə olunur. Nümayəndə heyətinin rəhbəri klip çəkilişlərinə İsveç mütəxəssislərinin cəlb olunmasının səbəblərini də açıqlayıb: “İsveç mütəxəssislərinin bir neçə beynəlxalq işlərinə baxılıb və onların bu işi yüksək səviyyədə həyata keçirdiklərini görüblər. Məhz buna görə də onların xidmətindən istifadə etmək qərarına gəlmişik. Klipdə təmsilçilərinin geyimi xüsusi hazırlanıb. Amma “Eurovision” müsabiqəsi zamanı təmsilçilərimizin təqdim edəcəyi geyim forması hələ qətiləşməyib. Ola bilər ki, ötən ilki kimi klipdəki geyim forması səhnədə də istifadə olunsun. Yəni geyim səhnəyə və təqdim olunacaq şouya uyğunlaşdırılacaq. Mahnının mətninin sevgidən bəhs olunması klipdə də əks olunacaq. Belə ki, “Always” mahnısının həm klipində, həm də müsabiqə üçün xüsusi hazırlanacaq şouda mətnə uyğun olaraq sevgi səhnəsi göstəriləcək”.

A. Kərimli deyib ki, klip tam hazır olduqdan sonra yerli televiziyalarla yanaşı, həm də “Eurovision-2009” mahnı müsabiqəsində təmsil olunacaq ölkələrinin bir çoxunun televiziya kanallarında da nümayiş olunacaq. Klip çəkilişlərindən sonra Aysel Teymurzadə və Araşın Azərbaycana gələcəklərini deyən A. Kərimli, onların yerli mətbuatla görüşəcəklərini də açıqlayıb. “Eurovision-2009” müsabiqəsinin səhnəsinə Azərbaycan təmsilçilərinin rəqs qrupu ilə çıxacağı da istisna olunmur: “Aysel və Araşla birgə səhnəyə rəqs qrupunun çıxması ilə bağlı düşünürük, ancaq bununla bağlı hələ qəti qərar verməmişik. Ötən ilki kimi bu il də “Eurovision” səhnəsi və izləyiciləri üçün xüsusi və mükəmməl şou hazırlanacaq. Aysel və Araşın geyimlərində həm xarici, həm də yerli geyim ustalarının xidmətlərindən istifadə olunacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar