Kurtlar vadisində - Ömər Baba
Leyla Salmansoy
28 Yanvar 2010 Cümə Axşamı 21:33
Kurtlar vadisi serialını sevmədiyimi, yazılarımın birində qeyd etmişdim.
 
Sözsüz buna özümə məxsus səbəblərim var.
 
Bəlkə gələcək yazılarımda səbəbləri  yazaram.
 
Amma bu serialda bir xarakter, bir aktyor, bir insan var ki, onu sevməmək mümkün deyil. Öz səbri, təmkinliyi, üzünün nuru və ən əsasıda ağıllı nəsihətləri ilə insanların qəlbini fəth edib.
 
Bəli, bu insan Ömər Babadır.
 
Bəlkədə bu serialda gerçək olmağını tək istədiyim bir şey varsa, o da Ömər Baba kimi ağsaqqal insanların ətrafımızda çox olmasını istəməyimdir.
 
Hərdən insan çətin anlarda ətrafında ona məsləhət verəcəyi, yol göstərəcəyi bir ağsaqqal insanın olmağını çox istəyir.
 
Buna ehtiyac duyur.
 
Bəzi oxucularım yazır ki, sən həyata gözəl tərəfdən, yaxşi tərəfdən baxırsan.
 
Amma həyatda o qədər çirkinliklər var ki, o qədər çətinliklər var ki...
 
Həyatı gözəl görməyi necə bacarırsan? Heçmi özünü gücsüz hiss etmirsən?
 
Heçmi depressiyaya düşmürsən?
 
Bu sualı verən oxucularıma belə cavab vermək istərdim.
 
Əlbətdəki hər insanın həyatında müəyyən çətinliklər olur.
 
Həyatdan küsdüyüm anlar da olur. Depressiyaya düşdüyüm anlar olur.
 
Problemsiz insan olmadığı kimi mənimdə problemlərim olur.
 
Amma bəlkədə məni yeganə saxlayan bir güc varsa, o da şükr edən insan olmağımdır.
 
Hər şey daha da pis ola bilərdi-deyib, bu günümə şükr edib, depresiya vəziyyətindən çıxıram.
 
Səbr edirəm və nəticə daha da yaxşı olur.
 
Dünəndə depressiya  vəziyyətinə düşmək istəyirdim.
 
Həmin an insan həqiqətən pozitiv enerji alacağı, məsləhət ala biləcəyi kimisə axtarır.
 
Dünən internetdə hikmətli sözlər axtarıb, tapıb oxudum.
 
Xoşuma gələnləri başqa yazımda yazacam.
 
Bəlkə nə vaxtsa sizədə faydası olar.
 
Və sonda Youtubeda Kurtlar vadisinin sevilən xarakteri Ömər Babanın nəsihətlərinə qulaq asdım. Birini sizin üçün yazıram.
 
Yazdığım bu dialoq Poladla Ömər Babanın arasında keçir.
 
Polad:
- Yaralandığım vaxt  Elifin qəbrinə yıxılıb, bu dəfə öləcəm dedim.
Ömər baba isə ona belə cavab verir:
- Övladım Allahdan hər şey istə. Güc istə, sağlıq istə, xöşbəxtlik istə, sevgi istə...
Özün üçün istəyəcəyin bir şey yoxsa, başqaları üçün istə.
Amma heç vaxt ölüm istəmə, heç vaxt.
Ölüm Allahın təqdiridir övladım.

Leyla SALMANSOY