Valyuta ehtiyatlarımız 46 milyard dolları ötüb
12 Fevral 2013 Çərşənbə Axşamı 20:36
Prezident İlham Əliyev ilin yekunların nəticələri ilə maraqlanıb.
Bu gün Bakı Biznes Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.

Sərgidə Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapıb. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev prezident İlham Əliyevə məlumat verib ki, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan “Yüksək insan inkişafı” və “Yuxarı orta gəlirli” ölkələr qrupuna daxildir.

Bildirilib ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır.

Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb.

Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kredit ayrılıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

Sərgidə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhələri və videoçarxlara da geniş yer verilib.

Videoçarxlarda dövlət başçısının regionlara səfərləri və dövlət proqramları əsasında həyata keçirilən silsilə tədbirlər hərtərəfli əksini tapıb.

Sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətindən bəhs edən bölmələri də zənginliyi ilə seçilir. Burada ölkədə istehsal olunan məhsulların elektron kataloqu, iqtisadi rayonların pasportları, eləcə də, Sumqayıt Kimya Sənayesi və Balaxanı Sənaye Parkları barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan çap materialları və təqdimatlar da geniş yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar