Pensiyalar Novruz bayramınadək veriləcək
06 Mart 2009 Cümə 14:55
Bu ilin yanvar və fevral aylarında pensiyaların verilməsində isə problem olmayıb

 

«Bu ilin yanvar və fevral aylarında pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayıb. Həmin ayların 23-ü tarixinə ay üzrə bütün maliyyələşmələr tam başa çatdırılıb». Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. O qeyd edib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması nəzərdə tutulur.

DSMF sədrinin sözlərinə görə, 2009-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsi 20,8 faiz artıb. Bununla da 547 min nəfərin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi tətbiq olunub, bu şəxslərin pensiyalarının artımı orta hesabla 6 manat təşkil edib və bu artımdan sonra ölkədə orta aylıq pensiyanın məbləği 99 manata çatıb.

Bu məqsədlər üçün hər ay təqribən 3,2 milyon manat, il ərzində isə 38,5 milyon manat əlavə vəsait tələb olunur: «Bu vəsaitlər DSMF-nin büdcəsində əksini tapıb».
O qeyd edib ki, 01 yanvar 2009-cu il tarixə olan statistikaya əsasən, ölkədə əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26455 nəfər artaraq 1275138 nəfərə çatıb: «Onlardan 496788 nəfəri kişi, 778350 nəfəri qadındır. Qadınlardan 374490 nəfəri çoxuşaqlı anadır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9241 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 125548-i işləyən pensiyaçılardır».

Hazırda yaşa görə pensiya alanların sayı isə 835844 nəfərdir. Əlilliyə görə əmək pensiyası alanların sayı 301661 nəfər təşkil edir, onlardan 22354 nəfəri 1-ci qrup, o cümlədən 7644 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı 4705 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137633 nəfərə çatıb. Onlardan 22-si Milli Qəhrəmanların ailə üzvləridir.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar