Kreditlərin faiz dərəcəsi aşağı düşəcək
23 İyul 2013 Çərşənbə Axşamı 19:52
Əmanətlərin Sığortalanması Fondu yeni qərar qəbul edib.
Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən fiziki şəxslərin ölkənin bank sisteminə qoyduğu 10 faizdən artıq dərəcə üzrə depozitləri sığortalamayacaq. Bunu iyulun 23-də “Trend”ə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Azad Cavadov bildirib ki, Əmanətlərin Sığortalanması Fondunun Qəyyumluq Şurası son iclasında sığortalanan əmanətlər üzrə yuxarı həddin 12-dən 10 faizədək endirilməsi barədə qərar qəbul edib.

Bununla belə, fond bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişməyib, yəni 30 min manat səviyyəsində saxlayıb.

Azad Cavadov qeyd edib ki, avqustun 1-dən qüvvəyə minəcək qərar ölkədə əmanətlər üzrə dərəcələrin azaldılmasının davam etməsinin nəticəsidir.

Qərarı “Media forum” saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bu, gecikmiş də olsa, müsbət addımdır: “Növbəti mərhələdə 8 faizə endirilməlidir. Fikrimcə, bu addım kreditlər üzrə faiz dərəcəsində enməni şərtləndirəcək. Amma əhəmiyyətli ucuzlaşmadan söhbət gedə bilməz. Ən yaxşı halda 2-3 faiz enmədən danışmaq olar. Daha çox ucuzlaşma üçün digər amillər həllini tapmalıdır”.

Ekspertin qənaətinə görə, əsas problem resurs azlığıdır: “Bunu əmanətlər hesabına müəyyən dərəcədə örtsələr də, ümumilikdə ölkə iqtisadiyyatının daha çox kreditə ehtiyacı var. Cəlb edilmiş resursların dəyəri bahadır. Fondun yeni qərarı kreditlərin faizlərinin aşağı düşməsinə müəyyən qədər təsir göstərsə də, ciddi enmə baş verməyəcək. Ölkə iqtisadiyyatında riskin yüksək olması kredit faizlərinin yüksək həddə qalmasını şərtləndirir.

Növbəti mərhələdə kompensasiya məbləğini artırmaq lazımdır. Heç olmasa ilkin olaraq iki dəfə artırmaq olar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar