İnternet tarifləri azaldacaq
26 Yanvar 2009 Bazar Ertəsi 21:23
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qiymətlərin keyfiyyətə xələl gətirmədən aşağı salınmasını tövsiyə edir
Azərbaycanda internetin qiymətlərinin aşağı salınması istiqamətində ciddi addım atılıb. Ölkənin 2 dövlət provayderi- «Bakinternet» və «Aztelekom» fevraldan tarifləri 3 dəfəyə qədər azaldacaq. Artıq özəl provayder şirkətlərin çoxu gələn aydan qiymətləri azaltmağa hazırlaşır.


Beləliklə, indiyə qədər 256 kilobit sürətli internet üçün aylıq limitsiz qoşulma haqqı 90 manat idisə, fevraldan qiymət 39 manata düşəcək. 512 kilobit sürət üçün qiymət 3 dəfədən çox azaldılaraq 220 manatdan 70 manata endirilir. Bir meqabit saniyəlik kanalın aylıq abunə haqqı isə 130 manata salınır.


Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun verdiyi məlumata görə, tariflərin aşağı salınması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet provayderlərin nümayəndələri ilə də müzakirə olunub. Görüşdə qiymətlərin keyfiyyətə xələl gətirmədən aşağı salınması barədə tövsiyə verilib. İltimas Məmmədov bildirib ki, artıq Azərbaycanda internet tarifləri region üzrə orta qiymətlər səviyyəsinə çatıb və bu, son deyil: «Bu, gələcəkdə də gözlənilir».


Müştərilərinin əksəriyyəti regionlarda olan «Aztelekom» İstehsalat Birliyindən bildirilib ki, internetin ucuzlaşması rayonlarda bu xidmətin genişlənməsinə gətirib çıxaracaq. Mütəxəssislər isə qeyd edirlər ki, qiymətlərin azalması ilə yanaşı, internet xidmətinin keyfiyyəti də yüksəldilməlidir. Bu bazarda aparılan araşdırmalardan sonra məlum olub ki, istifadəçilərin cəmi 4 faizi yüksək sürətli internetdən istifadə edir. Böyük çoxluq və ya 93 faizsə day-lap bağlantıları vasitəsilə lokal şəbəkədən informasiya alır.


Ekspertlərin fikrincə, internetin ucuzlaşması daha sürətli internet xidmətlərindən istifadə etməyə imkan verəcək. bu isə internet xidmətlərinə tələbatın artması ilə nəticələnəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də gələcəkdə keyfiyyətlə bağlı ciddə addımlar atılacağını bəyan edir. Qeyd edək ki, Azərbaycanda əhalinin təqribən 20 faizi internetdən istifadə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar