İistehlak qiymətləri indeksi 0,81 faiz azalıb
13 Mart 2009 Cümə 14:25
İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, Bakıda deflyasiya 0,88 faiz, regionlarda isə 0,75 faiz təşkil edib

 

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ACİ Budapeşt Fondunun İnstitutsional yardım layihəsi çərçivəsində həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib.
Mərkəzdən verilən məlumata görə, statistik müşahidənin nəticələri gostərir ki, bu ilin fevral ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,81 faiz azalıb. Bakıda deflyasiya 0,88 faiz, regionlarda isə 0,75 faiz təşkil edib. Əmtəə qrupları üzrə ən yüksək deflyasiya səviyyəsi ərzaq məhsullarında müşahidə olunub- 1,15 faiz.
Tədqiqat aparılan dövr ərzində deflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,27 faiz, xidmətdə isə 0,60 faiz təşkil edib. Fevral ayında 2008-ci ilin fevral ilə müqayisədə istehlak qiymətləri indeksi (İQİ) 8,32 faiz artıb.
Aparılmış statistik müşahidə nəticəsində o da məlum olub ki, fevral ayında əvvəlki ayla müqayisədə ən çox ucuzlaşma xidmətlərdən internetə qoşulmada (45,05 faiz), ərzaq məhsullarından təzə kartofda (18,18 faiz), yoqurtda (8,63 faiz), toyuq ətində (6,87 faiz), qeyri-ərzaq məhsullarından isə kəsilmiş taxtada (13,12 faiz) qeydə alınıb. İlin əvvəlindən istehlak qiymətləri indeksi (İQİ) -2,34 faiz azalıb.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar