Gədəbəy qızıl mis emalı zavodu fəaliyyətə başladı
26 May 2009 Çərşənbə Axşamı 20:15
Prezident İlham Əliyev Gədəbəy qızıl mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak edib

 

Bu gün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədi ilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib.

Müəssisədə yaradılmış laboratoriyada yüksək ixtisaslı mütəxəssislər çalışır. Yataqdan və digər obyektlərdən götürülən nümunələr analiz edilir. 2007-ci ilin əvvəlində şirkət Gədəbəy qızıl-mis layihəsi üzrə kəşf sənədini Azərbaycan hökumətinə təqdim edib.

Prezident İlham Əliyev Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söyləyib.
Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Reza Vəziri, Anqlo-Asiya Mayninq PLC-nin rəhbəri Con Sununu, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy geoloji axtarış-kəşfiyyat işləri üzrə böyük mühəndisi Şakir Qədimov mərasimdə çıxış ediblər. /"AzərTAc"/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar