DSMF-in gəlirləri 5.7 faiz artıb
23 Fevral 2013 Şənbə 08:51
Yanvarda Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 212 milyon manat təşkil edib.
2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 212 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,4 milyon manat və ya 5,7 faiz çoxdur. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,2 faiz və ya 6,9 milyon manat artaraq 74,6 milyon manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 75,9 faizi və ya 56,6 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 7,2 milyon manat artıb, proqnoz isə 115,3 faiz icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 67,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə demək olar ki, 2 dəfə artıb.

2013-cü ilin yanvar ayında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18,0 milyon manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 197,2 milyon manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 195,2 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,3 milyon manat və ya 17 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,2 faiz və ya 28,2 milyon manat artaraq 192,4 milyon manat təşkil edib.

İlkin məlumatlara görə, 2013-cü ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.

2013-cü ilin yanvar ayında əhaliyə 2,8 milyon manat məbləğində müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 2,0 milyon manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Aparatının və yerli orqanlarının saxlanılmasına 0,21 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 0,73 milyon manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 1,1 milyon manat) təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,3 faiz azdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar