Çin türkmən qaz yatağına $3 milyard yatıracaq
06 İyun 2009 Şənbə 15:05
Sərmayə ehtiyatına görə dünya dördüncüsü olan Cənubi Yolötən yatağına yönəldiləcək

 

Çin Türkmənistanda tapılmış və dünya üzrə dördüncü olan qaz yatağının istismara açılması üçün 3 milyard dollar kredit verəcək. Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Taçberdi Tağıyev iyunun 1-2-də Çinə etdiyi səfər zamanı bu barədə anlaşmaya qol çəkib.

Qeyd edək ki, dövlət başçısı Qurbanqulu Berdimuhamedov köməkiçisi Tağıyevi Çinə göndərərək, bu ölkənin qabaqcıl enerji şirkətləri ilə Amu-Dəryanın sağ sahilindəki enerji qaynaqları və Cənubi Yolötən təbii qaz yatağının ən qısa zamanda istismara açılması mövzusunda görüşlər aparmasını istəmişdi.

Berdimuhamedovun başçılığı altında keçirilən Nazirlər Kabineti yığıncağında Tağıyev Çin səfərində Cənubi Yolötən təbii qaz yatağının istismara açılması barədə kredit mövzusunda bir razılaşmağa əldə edildiyini ifadə edib. Türkmən televiziyası ilə yayılan Nazirlər Kabineti yığıncağında çıxış edən türkmən lideri ölkə iqtisadiyyatının şah damarı olan neft və təbii qaz sektorunda dünyanın qabaqcıl enerji şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Təbii qaynaqların şüurlu istifadə edilməsinin lazım olduğunu vurğulayan Berdimuhamedov ekspertlərin araşdırmalarına əsaslanaraq deyib ki, Xəzərin türkmən sahilindən ölkənin şərqində olan Amu-Dərya çayına qədər olan ərazidə zəngin enerji qaynaqları var.

Berdimuhamedov yalnız Cənubi Yolöten yatağından ildə 50 milyard kub metr təbii qaz çıxarıla biləcəyini bildirib. O həmçinin ölkəsinin hazırda 80 milyard kub metr təbii qaz çıxardığını da bildirib.

Xatırladaq ki, Cənubi Yolötən - Osman təbii qaz yatağının həcmcə dünyanın dördüncü təbii qaz yatağı olmasını İngiltərənin "Gaffney, Cline & Associates" şirkəti bəyan edib. O, yatağın ümumi ehtiyatının 14 trilyon kub metr olmasını təsdiq edib.

Hazırda Türkmənistandan Çinə təbii qaz boru xətti çəkilir. Layihənin iki ilə həyata keçməsi planlaşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar