Bankların minimum kapitalına tələbnamə 5 dəfə artırılır
03 Avqust 2012 Cümə 15:24
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 50 mln. manatadək artırılıb.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minir.

Məlumatda deyilir ki, keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının reallaşması üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.

Həmçinin bildirilir ki, yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanaqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcək.

AMB-nin şərhində göstərilir ki, hazırda Azərbaycan bank sistemi inkişafının yeni mərhələsinə daxil olur. Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitallaşmasının davam etdirilməsi zəruridir.

Xatırladaq ki, hazırda fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarına tətbiq olunan tələbnamə 10 mln. manat təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar