AzKİL II başladı
06 İyul 2012 Cümə 16:40
Dünya Bankı Azərbaycanda İkinci Kənd İnvestisiyaları Layihəsini maliyyələşdirmək üçün 30 milyon dollar kredit ayırıb.
Dünya Bankının Direktorlar Şurası Azərbaycanda İkinci Kənd İnvestisiyaları Layihəsini (AzKİL II) maliyyələşdirmək üçün tələb olunan 30 milyon ABŞ dolları həcmində kredit ayrılması barədə qərarı təsdiq edib. Bankın Bakı Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, layihənin məqsədi icmaların idarə etdiyi kənd infrastrukturuna çıxışın təkmilləşdirilməsi və kənd ev təsərrüfatlarının iqtisadi fəaliyyətlərinin genişləndirilməsindən ibarətdir. Layihənin nəticəsində Azərbaycanda təxminən 1,5 milyon kənd sakini infrastruktura və sosial xidmətlərə daha yaxşı çıxış əldə edəcək.

AzKİL II-nin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ümumi dəyəri 53, 6 milyon ABŞ dolları təşkil edən məbləğin 23,6 milyon ABŞ dolları hökümətin payına düşəcək. Bu yeni layihə özündən əvvəlki çox uğurlu layihənin nəticələrinə əsaslanır. Həmin layihə 600 000 fermerin gəlirlərinin artırılmasına, 700 000 nəfəri əhatə edən irriqasiya xidmətinin təkmilləşdirilməsinə və 150 000 kənd sakininin təmiz içməli su ilə təmin edilməsinə öz töhfəsini verib.

Azərbaycanın əhalisinin təxminən yarısı və ölkənin işçi qüvvəsinin təxminən 40 faizi kənd yerlərində yaşayır. Son bir neçə il ərzində əsas infrastruktura dövlət sərmayəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, kənd əhalisinin dövlət xidmətlərinə çıxışı və onun keyfiyyəti sahəsində bir sıra çatışmazlıqlar qalmaqdadır. Əsas problem infrastruktur çatışmazlığıdır ki, bu da kənd yolları, irriqasiya və drenaj sistemlərinin kifayət qədər olmamasında müşahidə olunur.

Bu layihənin məqsədlərinə kənd infrastrukturu sahəsində tələbat əsasında həyata keçirilən mikrolayihələrin maliyyləşdirilməsi vasitəsilə nail olunacaq. Potensial investisiyalar icmalar tərəfindən müəyyən olunan prioritet ehtiyaclara əsaslanan əsas iqtisadi infrastrukturu (ikinci dərəcəli yolların, içməli su sistemlərinin, irriqasiya infrastrukturunun, elektrik enerjisi transformatorlarının bərpası kimi) və sosial infrastrukturu (məktəblərin və xəstəxanaların təmiri və tikintisi kimi) əhatə edir. Layihənin hədəf qrupu 1000 nəfərdən 10 000 nəfərə qədər insanı əhatə edən kənd icmalarıdır. Layihə, həmçinin, daha öncə təkmilləşdirilmiş infrastrukturdan faydalanan seçilmiş sayda icmada gəlir yaradan pilot fəaliyyətləri də dəstəkləyəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və bu günə kimi Dünya Bankından 43 layihə üzrə ümumilikdə 3,1 milyard dollar məbləğində vəsait alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar