Azəriqaz: Binalara qazın verilməsi tüstü bacalarının vəziyyətindən asılıdır
04 Noyabr 2011 Cümə 14:00
Payız-qış mövsümündə Azərbaycanda yaşayış və ictimai binaların qaz təminatı bu binaların tüstü bacalarının vəziyyətindən asılı olacaq.
 Bu barədə «Azəriqaz» İB-nin ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşı Tahir Kazımov bildirib.

Onun sözlərinə görə, binaların tüstü bacalarının istismara yararlı vəziyyətlə olmasını Fövqəladə Hallar Nazirliyinin nəzdindəki Könüllü Yanğından Mühafizə Cəmiyyəti (KYMC) müəyyənləşdirir. Onun ölkə ərazisində 8 yerli cəmiyyəti var. Bu cəmiyyətlərin nəzdində də tüstü bacaları və havadəyişmə sistemlərinin təmiri ilə məşğul olan ixtisaslaşdırılmış xüsusi qurumlar var. Onlar bu işləri təsərrüfatı hesablı həyata keçirirlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 80 saylı qərarına uyğun olaraq binalardakı tüstü bacalarının saz vəziyyətdə olmasına həmin binadakı abunəçilər cavabdehdir. Yəni KYMC-a müraciət ediləndən sonra onlar bu işin həcmini və onun üçün tələb olunan məbləği müəyyənləşdirirlər. Həmin məbləğ ödəniləndən sonra onlar tüstü bacalarının təmizlənməsini həyata keçirirlər. Yerli qaz istismarı sahələri yalnız həmin təşkilatın arayışı (bacanın təmizləndiyi və saz vəziyyətdə olması barədə) əsasında hər hansı binaya, yaşayış evləri və digər obyektlərə qaz verirlər. «Başqa sözlə, hər hansı obyektə qazın verilməsi onun tüstü bacasının saz vəziyyətdə olduğunu göstərir» - deyə “Azəriqaz” rəsmisi bildirib.

Qeyd edək ki, qaydalara görə, bu prosedur hər il təkrarlanmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar