Azercell gənclərə karyera qurmaq imkanı yaradır
15 Dekabr 2011 Cümə Axşamı 14:37
Azercell şirkəti tələbələr və məzunlar üçün qış təcrübə proqramını elan edir.
"Azercell" şirkəti tələbələr və məzunlar üçün qış təcrübə proqramını elan edir. Mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanırlar.

Telekommunikasiya sahəsinin lideri olan "Azercell"də təcrübə keçmək imkanı tələbələr üçün universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradacaq. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi haqda birbaşa mənbədən bilik əldə edəcək, maraqlı, həmçinin məsuliyyətli layihələrdə iştirak edəcəklər. Bu proqram gənclərin gələcək karyera inkişafında da yardımçı olacaq.

Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri və 2011 ci ilin məzunları iştirak edə bilər. Bu proqrama müraciət etmək istəyənlər təqdim edilən siyahı üzrə özləri üçün maraqlı olan sahəni seçərək elektron müraciət ərizəsini doldurub tələb edilən sənədlərlə birlikdə müvafiq ünvana göndərməlidirlər. Müraciət forması ilə yanaşı gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazmalıdırlar.

Təcrübə proqramı üzrə seçim prosesinin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunların akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları araşdırılacaq. Son seçim turu təkbətək müsahibədən ibarət olacaq.
Təcrübə proqramına 15 Yanvar 2012 il tarixinə kimi müraciət etmək olar. Bir tələbə və ya məzun eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.

Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur. Ərizə formasını şirkətin www.azercell.com ünvanlı saytından əldə etmək olar. Proqram haqqında daha ətraflı məlumat almaq üçün [email protected] e-mail ünvanına və 496 70 07 nömrəli telefona zəng etmək mümkündür.




DOSTLARINLA PAYLAŞ:

oyunlar