Azərbaycanın ticarət tərəfdaşlarının sayı 147 ölkəyə çatıb
24 Dekabr 2011 Şənbə 17:04
Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Son 7 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə artıb. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev deyib ki, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 2,9 dəfə artıb və ölkəmiz investisiya ixracatçısına çevrilib, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb. Hətta qlobal maliyyə-iqtisadi böhranın yüksək həddə çatdığı 2009-cu ildə belə, Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artıb.
Dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndiyini deyən Ş.Mustafayev ticarət tərəfdaşlarımızın sayının 147 ölkəyə çatdığını, xarici ticarət dövriyyəsinin 5,4 dəfə, o cümlədən ixracın 8,2 dəfə artdığını bildirib.

Nazir Azərbaycanın xarici borcunun əksər inkişaf etmiş ölkələrlə müqayisədə az olmasına da diqqət çəkib. Bildirib ki, inkişaf etmiş bir sıra ölkələrdə dövlət borcunun ÜDM-yə nisbətinin təhlükəli həddi aşdığı, o cümlədən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv olan 34 ölkənin 12-də bu göstəricinin 85 faizdən çox, Avropa İttifaqında 80 faiz, Avrozonada 85,1 faiz olduğu halda, konservativ xarici borclanma siyasətinə üstünlük verilən Azərbaycanda xarici dövlət borcunun ÜDM-yə nisbəti isə cəmi 7,4 faiz təşkil edir.
"Bununla yanaşı, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarından artıqdır ki, bu da xarici dövlət borcunu 8 dəfədən çox üstələyir"- deyə Ş.Mustafayev qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar