Azərbaycanda əlavə pul buraxılacaq
28 Fevral 2009 Şənbə 16:32
Azərbaycan Milli Bankı (AMB) pul emissiyasını həyata keçirməyi planlaşdırır və bununla bağlı hazırda tədqiqatlar aparır.
Ölkədəki hazırkı iqtisadi vəziyyətə toxunan E.Rüstəmov qeyd edib ki, dünya maliyyə böhranı ilə əlaqədar olaraq Azərbaycan banklarının xarici öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar cari problemləri yaranmasa da, yenidən maliyyələşmə prosesində problemlər var. Belə ki, xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təkcə real iqtisadiyyatdan təxminən 1,5 mlrd. manatın çıxarılması gözlənilir, bunu da iqtisadiyyat üçün böyük zərbə kimi qiymətləndirmək olar. Kommersiya bankları xarici öhdəliklərinin icrasını öz hesabına aparır, lakin iqtisadiyyatdan çıxarılan həmin vəsaitlərin müəyyən dərəcədə əvəz edilməsi zəruridir və bu baxımdan pul emissiyasının həyata keçirilməsi məqsədə uyğundur.
Eyni zamanda, nəzərə alınmalıdır ki, adətən pul emissiyasının əsas təhlükəsi inflyasiyanın sürətlənməsi ehtimalları ilə bağlıdır, lakin hazırda dünya iqtisadiyyatında deflyasiya prosesləri müşahidə olunur və bu, bu təhlükəni aradan qaldırır. Belə ki, Milli Bank bu il ölkədə inflyasiyanın təxminən 5-6% səviyyəsində olacağını proqnozlaşdırır. Qeyd edək ki, burada pul emissiyasının rolu da olacaq.
Pul emissiyasının gözlənilən həcmlərini açıqlamayan E.Rüstəmov vurğulayıb ki, bu, inflyasiya göstəriciləri üzrə aparılan ciddi hesablamalar nəticəsində müəyyənləşəcək: «Hazırkı şəraitdə pul emissiyası nəinki nəzərdən keçirilir, hətta bu proses arzu olunandır».


DOSTLARINLA PAYLAŞ:

oyunlar