Azərbaycanda bank kreditləri azalıb
07 Aprel 2009 Çərşənbə Axşamı 15:10
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin həcmi 2009-cu ilin mart ayının 1-nə 6 509 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu göstərici son bir ildə 1 824,9 mln. manat və ya 39% artdığı halda, cari ilin əvvəlindən 507,5 mln. manat və ya 7,2% azalıb.
Həmçinin vurğulamaq lazımdır ki, ilin əvvəlindən müşahidə edilən azalmanın bütövlükdə fevralın payına düşüb. Belə ki, bankların məcmu kredit portfelinin həcmi yanvar ayında 1,3 mln. manat və ya 0,02% artıb, fevralda isə 508,8 mln. manat və ya 7,25% azalıb.
Qeyd edək ki, ötən ilin sentyabr-oktyabr aylarında dünyada maliyyə böhranının kəskinləşməsi fonunda və bununla əlaqədar olaraq Azərbaycan kommersiya banklarının xarici mənbələrdən maliyyələşməsi prosesinin minimuma enməsi səbəbindən ölkədə kreditləşmənin kəskin azalması gözlənilən idi. Lakin kreditləşmənin azalması ilk dəfə yalnız fevral ayında baş verib:




Cari ilin əvvəlindən həmçinin bak aktivlərinin azalması müşahidə olunub ki, ilin əvvəlindən azalma 794,4 mln. manat təşkil edib və bunun 604 mln. manatı fevralın payına düşür. Beləliklə, azalmanın əsas hissəsi kreditlərin payına düşür, halbuki aktivlərin azalması həmçinin ötən ilin oktyabr və noyabr aylarında baş verib, lakin o vaxtı aktivlərin azalması kreditlərin deyil, digər maddələr, o cümlədən müxbir hesablar və nağd pullar hesabına baş verib.
Qeyd edək ki, bankların kredit portfelinin fevral ayında müşahidə olunan azalması ötən ilin orta aylıq artımından (205,2 mln. manat) təxminən 2,5 dəfə çox olub.

* 07.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8029 manat təşkil edir


DOSTLARINLA PAYLAŞ:

oyunlar