Azərbaycan Səudiyyə Ərəbistanında neft-qaz layihələrinin icrasına başlayır
25 May 2012 Cümə 15:09
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Səudiyyə Ərəbistanında neft-qaz əməliyyatlarına başlayır.
«APA-Economics»in məlumatına görə, bu gün Bakıda ARDNŞ ilə Səudiyyə Ərəbistanının «Soroof International» şirkəti arasında Səudiyyə Ərəbistanı Krallığında uzunmüddətli layihələrin yerinə yetirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Şirkətlərin prezidentləri – şahzadə Bander Bin Abdallah Bin Məhəmməd əl-Səud və Rövnəq Abdullayev tərəfindən imzalanmış sənəddə Səudiyyə Ərəbistanı Krallığı ərazisində fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.

Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox yüksək səviyyədə dostluq əlaqələri var: «Səudiyyə Ərəbistanı şirkətlərinin xahişi və dövlətin də istəyi ilə Dövlət Neft Şirkəti Səudiyyə Ərəbistanında neft-qaz əməliyyatlarını həyata keçirməyə dəvət olunub».

Birgə müəssisədə 75% iştirak payı ARDNŞ-ə, 25% isə «Soroof International» şirkətinə məxsus olacaq. Bu müəssisə vasitəsilə neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı, işlənməsi, emalı, nəqli, eləcə də neft-kimya sahələrində uzunmüddətli layihələr reallaşacaq. Hazırda şirkətin yaradılması ilə bağlı müvafiq müqavilə layihəsi hazırlanır və yaxın 1 ay ərzində işlərin başa çatacağı gözlənilir. Bir neçə aydan sonra isə şirkətin Səudiyyə Ərəbistanında fəaliyyətə başlaması nəzərdə tutulur.

R.Abdullayevin sözlərinə görə, yeni yaradılacaq birgə müəssisə əsasən qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində çalışacaq: «Hazırda Səudiyyə Ərəbistanında böyük proqram həyata keçirilir. Bu ölkədə əsasən neft hasilatı inkişaf edib, qaza isə böyük tələbat var. Məhz bu səbəbdən onlar dövlətə məxsus olan neft yataqlarından fərqli olaraq qaz yataqlarını ayrı-ayrı şirkətlər vasitəsilə işlənməsinə üstünlük verirlər. Bura qaz yataqlarının kəşfiyyatı, kəşfiyyat qazması və s. aiddir. Biz də oradakı qaz yataqlarında işlər aparmaq niyyətindəyik. ARDNŞ öz təcrübəsindən istifadə edərək burada geologiya, geofizika, qazma və tikinti işləri aparacaq».


DOSTLARINLA PAYLAŞ:

oyunlar