Azərbaycan avtomagistral tikintisi üçün Serbiyaya 300 mln. avro kredit ayırıb
03 Fevral 2012 Cümə 11:36
Serbiyanın xarici işlər naziri Vuk Yeremiç və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Liq-Prelina yolunun Koridor 11 sahəsinin tikintisi üçün Azərbaycanın 300 mln. avro kredit ayırması haqqında saziş imzalayıb.
Bu barədə “APA-Economics”ə Serbiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İmzalanma Serbiya XİN başçısının Azərbaycana bir günlük səfəri çərçivəsində imzalanıb. İmzalanmadan sonra V.Yeremiç bildirib ki, bu, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. O qeyd edib ki, Azərbaycan hökuməti bu krediti çox əlverişli şərtlərlə ayırıb: “Biz Liq-Prelina yolunun bir sahəsini birlikdə tikəcəyik. İşlərə dərhal başlanıla bilər. Layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulur”.

Serbiya XİN başçısı qeyd edib ki, səfər zamanı bir sıra digər layihələr də müzakirə olunub. Azərbaycan kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşunda, əczaçılıq sənayesində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Serbiyaya yol sahəsinin tikintisi üçün kredit 3 ili güzəştli dövr olmaqla 15 il müddətinə, 4%-lə verilib. Avtomagistral tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçiriləcək. Kredit sazişi Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ötən ilin noyabrında Belqradda keçirilən iclasında razılaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar