ARDNF-in büdcə gəlirləri 7.3 milyard manat olub
23 İyul 2012 Bazar Ertəsi 19:33
Dövlət Neft Fondunun xərcləri isə 4.8 milyard manat təşkil edib.
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7 391,9 milyon manat, büdcə xərcləri isə 4 878,1 milyon manat təşkil edib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 099,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 091,4 milyon manat, tranzit gəlirləri 3,8 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil edib.

Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 4 592,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 162,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,0 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 37,0 milyon manat vəsait ayrılıb. 5,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2012-ci ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,3 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 289,2 milyon manat təşkil edib. Bu il iyulun 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 9,6 faiz artaraq 32 666,0 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 iyul 2012-ci il tarixinə qızılın miqdarı 6 ton 847 kq (220 146 unsiya) təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar