İntiharın çıxış yolu
Leyla Salmansoy
22 Dekabr 2009 Çərşənbə Axşamı 23:15
Bu gün məni narahat edən bir mövzunu sizlərlə paylaşacam.
 
İntihar edənlərin sayı son dövrdə dahada artıb.
 
Hər qəzet səhifəsində və ya internet xəbər saytlarında gündə ən az 1 intihar xəbəri oxuyuruq.
 
Bilmirəm sizləri necə, amma məni bu xəbərlər bir insan kimi çox narahat edir.
 
Hələ intihar edən gəncdirsə, qadındırsa və ya çox uşaqlı ailənin başçısıdırsa onun geridə qoyduğu ailə üzvlərinin vəziyyətini, heç fikirləşmək istəmirəm.
 
Bu ayda mən 4 intihar hadisəsi oxuduğum yadımdadır.
 
Hələ oxumadıqlarımı  və pressanin bilmədikləri ailə daxili gizlədilən intihar hadisələrini demirəm.
 
Oxuduqlarım intihar edən şəxslər arasında yaş fərqidə özünü göstərir.
 
15-16 yaşında məktəbdə oxuyan şagirdlər, digəri 21 yaşında gənc və 54 yaşında ailə başçısı.
 
Niyə məhz intihar?
 
Həqiqətənmi bu insanlar üçün yeganə çıxış yolu intihar idi?
 
Sualı bəlkə belə qoyaq.
 
Niyə yeganə çıxış yolunu məhz intihar etməkdə görürlər?
 
Heç bir şey əsassız səbəbsiz deyil, yəni intihar edənində özunəməxsus səbəbləri olur.
 
Bəzən son məktublarında səbəbləri yazirlar.
 
Mən psixoloqların və s insanların dediklərini təkrarlamaq istəmirəm.
 
Mənimdə bu mövzuda öz fikirlərim var ki, sizinlə bölüşəcəm.
 
Bəlkə də məni oxuyanlar arasinda intihar etmək istəyənlər və ya intihar edənlərin yaxınları var.
 
İntiharın çıxış yolu problemini bölüşmək, paylaşmaq, kiməsə danışmamağa utanmamaq və qarşı tərəfin onu qınamadan səssizcə qulaq asması dinləməsidir.
 
Mənim fikrimcə intiharın qarşısını bizlər ətrafımızda olan insanlara diqqət, qayğı göstərərək ala bilərik.
 
Necə? Məs: hamımız işləyirik, evə yorğun gəlib, şam yeməyini yeyib, televizorun qarşısına keçirik.
 
Evdə ailəmizlə, bəzi umumi şeyləri paylaşıb yatmağa gedirik.
 
Və beləcə günlər keçir.
 
Çox intihar edən şəxslərin ailəsi vicdan əzabı çəkir .
Öz qəlbində özünü müəyyən baş verənlərə biganəliklə günahlandırır. Kaş bilsəydim kaş mənlə danışsaydı və.s. sonrakı peşmanlıqlar.
 
Yuxarıda göstərdiyim gündən fərqli olaraq hər gün ailə saatı keçirin.
 
Ailə saatında bütün ailə üzvlərinizlə ünsiyyətə, danışmağa üstünlük verin. Televizora baxmaqdansa, problemlərinizi müzakirə edin, hamının problemini paylaşacağı səmimi ab–hava yaradın.
 
Ailənizin psixoloqu olun, dostunuzun psixoloquna çevrilin.
Ətrafınızdakı insanlara qarşı biganə olmayın.
Mənim məsləhətim çətin vəziyyətdə olan yaxınlarınızı psixoloq kimi kənardan izləyin. Problemin varmı? Səni narahat edən nəsə var? İstəsən mənlə bölüşə bilərsən deyib, onları sizə açilmaqda cəsarətləndirin.
 
Uşaqlarınız varsa məktəbdə, universitetdə, yoldaşınızdan iş yerində baş verənləri soruşun. Bir birinizə biganə olmayın. Nəinki ailə üzvlərinizə  çətin vəziyyətdə olan dost, qonşu, uzaq qohum, insanlara biganə olmayın.
Biz intiharın qarşısını bir birimizə biganə olmamaqla, diqqətlə, hər şeyi paylaşmaqla ala bilərik.
 
Bəlkə onda intihar edənlərin sayı azala bilər.
 
Mövzunu davam etdirəcəm.
 
Sonluqda mənim tanış olduğum hadisəni sizlərlə paylaşacam.
 
Yəqin bu hadisəni oxuduqdan sonra yazdıqlarımı tam anlayacaqsınız.
 
Tələbə olduğum dövrdə hamı kimi metrodan istifadə edirdim. Universitetdən qayıdanda metroya girdim, qatarı gözləyirdim.Yanımdan ağlaya-ağlaya bir qız keçdi. Mən bu qızı kənardan izləməyə başladım. Qiz için-için ağlayırdı. Qatarın yaxinlaşdığını bildirən işığı uzaqdan sezdim. Mən fikir vermişəm belə halda Bakıda metroda heç kim ağlayan insana yaxınlaşmır, yada yaxınlaşmaq istəyənə özünə problem yaratma deyib istəyinidə öldürür
Amma mən yaxınlaşdım, narahat oldum və dedim:
Xanım bağışlayın sizi narahat edirəm, amma soruşmasam olmaz,
Sizə necəsə kömək edə bilərəm?
Elə bunu demişdim ki, qız ağlaya-ağlaya məni bərk–bərk qucaqladı.
Sonra qızla uzun-uzun söhbət etdik, tanış olduq və o sonda mənə  etiraf etdi ki, Leyla əgər sən mənə yaxınlaşmasaydın, mən özümü yaxınlaşan qatarın altına atıb, intihar edəcəkdim, ona görə bərk-bərk səni qucaqladım ki, məni qoymayasan intihar edim.
 
Leyla SALMANSOY