Zaur Tağızadə bizneslə məşğul olacaq
13 Avqust 2010 Cümə 20:10
Millinin keçmiş üzvü Zaur Tağızadə özü üçün ölkə xaricində biznes quracaq.
Son 3 ildə zədələr üzündən əməlli-başlı oynaya bilməyən və bir müddət əvvəl adı "Neftçi"dən kənarlaşdırılan oyunçular arasında olan Zaur Tağızadəyə kllubun prezidenti Sadıq Sadıqov nəzakət xatirinə klubda qalıb məşqçi işləməyi təklif olunsa da, futbolçu bundan imtina edib. Futbolla vidalaşmaq qərarını verən əfsanəvi "sürət" bundan sonra biznes fəaliyyəti ilə məşğul olacaq. Zaur Tağızadə özü üçün ölkə xaricində biznes quracaq.

31 yaşlı Zaur Tağızadə karyerasına 1994-1995 mövsümündə "Kür-Nur" (Mingəçevir, 10 oyun, 4 qol) klubunda başlayıb. 1997-ci ildə Estoniyanın "Lelle" klubuna keçən Zaur (6 oyun, 2 qol) 1 il sonra İslandiyanın "Akranes" komandasının şərəfini qoruyub (3 oyun, 1 qol).

1998-1999 mövsümündə ölkəyə qayıdan "Neftçi"nin keçmiş kapitanı "Şəfa"da oynayıb (16 oyun, 4 qol). Tağızadə 1999-cu ildə yenidən legioner olub və bu dəfə Estoniyanın "Flora" klubu ilə anlaşıb (9 oyun, 1 qol). Estoniyada da çox tab gətirə bilməyib vətənə qayıdan Zaur elə həmin il MOİK-in formasını geyinib (10 oyun, 2 qol). 2000-2004-cü illərdə "Şəfa"da oynayan (100 oyun, 17 qol) kapitan 2004-cü ildən "Neftçi"nin heyətində meydana çıxıb (132 oyun, 31 qol).

Zaur 1997-ci ildən milli komandaya dəvət alıb. Yığma formasında 39 dəfə meydana çıxan sağ cinah oyunçusu 6 qol vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar