Vüqar Həşimov Dünya kubokunda iştirak edəcək
15 May 2009 Cümə 09:45
Ukraynanın Odessa şəhərində keçiriləcək yarışın mükafat fondu 57 min dollardır

 

Peşəkar Şahmatçılar Assosiasiyasının təsis etdiyi Dünya Kuboku uğrunda mübarizə aparacaq 16 qrossmeysterin adı açıqlanıb. Sürətli şahmat üzrə mayın 22-24-ü aralığında Ukraynanın Odessa şəhərində keçiriləcək yarışda Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Vüqar Həşimov qoruyacaq. Ukrayna turnirdə 4 şahmatçı ilə təmsil olunacaq. Bunlar Yuri Drozdovski, Zaxar Yefimenko, Aleksandr Moiseyenko və Pavel Elyanovdur. Rusiyanı isə Dünya Kuboku turnirində Aleksandr Qrişuk, Anatoli Karpov, Yevgeni Nayer, Petr Svidler, Pavel Trequbov və Dmitri Yakovenko təmsil edəcək. Ən güclü 16 şahmatçı arasında həmçinin alman Arkadi Naydiç, İsrail qrossmeysteri Boris Gelfand, slovak Sergey Movsesyan, Türkiyəni təmsil edən Mixail Qureviç və fransız Etyen Bakro da var. Yarış 4 dövrədən ibarət nokaut-sistemi üzrə keçiriləcək. Hər dövrənin qalibi hər gedişə 5 saniyə əlavə olunmaqla 20 dəqiqədən ibarət 2 partiyanın nəticəsinə görə məlum olacaq. Nəticələr bərabər olduqda şahmatçılar taybrekdə mübarizəni davam etdirəcəklər. Bu dəfə qalibi 5 dəqiqədən ibarət 2 partiya müəyyən etməlidir. Blits görüşlər də nəticəsiz qurtarsa, o zaman qalibin kimliyinə armagedon partiyaları aydınlıq gətirəcək. Turnirin ümumi mükafat fondu 57 min dollardır. Birinci yeri tutacaq şahmatçı 10 min dollar qazanacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar