Ruslan Dibirhacıyev erməniyə qalib gəldi, Avropa çempionu oldu
04 Aprel 2014 Cümə 22:02
70 kq-da yarışan Ruslan Dibirhacıyev erməni güləşçi Qriqor Qriqoryanı 12:2 hesabıyla məğlub edib.
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparırdı.

Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib.

70 kq-da yarışan Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevlə qarşılaşıb. Təmsilçimiz 10:2 hesabıyla qalib gəlib. 1/4 finalda o, macarıstanlı İstvan Qulyasa da 6:2 hesabıyla qalib gəlib. Dibirhacıyev yarımfinalda türkiyəli Yakup Görə 5:4 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanla güləşib. 12:2 hesabıyla qalib gələn Ruslan Avropanın ən güclüsü adını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Peter Yanulovu çətinliklə məğlub edib. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macarıstanlı İstvan Vereblə qarşılaşıb. Təəssüf ki, o, bu oyunda 1:4 hesabıyla məğlub olub. Vereb də yarımfinalda uduzduğundan, Osmanovun bürünc medal qazanmaq şansı qalmayıb.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 5 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar