Rafael Ağayev Avropa çempionu oldu
09 May 2009 Şənbə 17:25
Daha bir karateçimiz Amal Atayev isə Avropa çempionatının bürünc medalını qazanıb

 

Xorvatiyanın paytaxtı Zaqrebdə karate üzrə 44-cü Avropa çempionatı start götürüb. Azərbaycan Milli Karate Federasiyasından ANSPRESS-ə verilən məlumata görə, yarışın ikinci günü mübarizəyə qoşulmuş 7 azərbaycanlı karateçi 1 qızıl və 1 bürünc medal qazanıb. Kata yarışlarında mübarizə aparan Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb. 48 kq çəkidə yarışan Amal Atayev isə bürünc medalla kifayətlənib. Daha bir idmançımız Niyazi Əliyev (67 kq) isə bu gün final döyüşünə çıxacaq.  

Sabah isə Avropa çempionatında Kumite komanda yarışlarına start veriləcək. Kumite yarışlarında iştirak edəcək Azərbaycan komandasının tərkibində 5 əsas və 1 əvəzedici idmançı yer alır. Rafael Ağayev, Niyazi Əliyev, Amal Atayev, Şahin Atamov və İsrafil Şirinov əsas, Rəşad Hüseynov isə əvəzedici kimi nəzərdə tutulub. Kumite yarışlarında karateçilərimizin mübarizə aparacağı komanda bu gün məlum olacaq.

Qeyd edək ki, ilk yarış günü mübarizəyə qoşulmuş Famil Səfiyev, Cəmilə Məmmədova, Elcin Məmmədov və Ədilə Qurbanova isə Avropa çempionatını medalsız başa vurublar.

Elvin Rəsul /ANS PRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar