Qarabağ klubunun rəqibi Tvente oldu
08 Avqust 2014 Cümə 17:23
Azərbaycan çempionu Qarabağ Hollandiyanın Tvente klubu ilə qarşılaşacaq.
Ağdamın "Qarabağ" futbol klubunun Avropa Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu Hollandiyanın "Tvente" klubu ilə qarşılaşacaq. Təmsilçimizin rəqibi barədə məlumatları təqdim edirik.

"Tvente" futbol klubu 1 iyul 1965-ci ildə Hollandiyanın Enşede şəhərində yaradılıb. "Qarabağ"ın rəqibi eyni şəhərin iki klubu - "Sportclub Enschede" və "Enschedese Boys"un birləşməsindən sonra fəaliyyətə başlayıb.

"Tvente" tarixinin ilk çempionluğunu 2009/10 mövsümündə qazanıb. 1974, 2009 və 2011-ci illərdə Hollandiya çempionatında gümüş medallara sahib çıxan komanda 3 dəfə ölkə kubokunu (1977, 2001, 2011) əldə edib, 4 dəfə final oynayıb (1975, 1979, 2004, 2009). 2010 və 2011-ci illərdə Hollandiya Superkubokunu başı üzərinə qaldıran Enşede təmsilçisi 1975-ci ildə UEFA Kubokunda finala çıxsa da Münhenqladbax "Borussiya"sına uduzaraq ikinciliklə kifayətlənib.

"Qarabağ"ın rəqibi tarixi ərzində Çempionlar Liqasında (4 dəfə), Avropa Liqası/UEFA Kubokunda (13), İntertoto Kubokunda (6) mövsüm keçirib.

"Tvente" 2013/14 mövsümündə "Ayaks" və "Feyenoord"dan geri qalaraq üçüncü yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. Hazırda komandaya holland məşqçi Alfred Şkreuder başçılıq edir. 41 yaşlı mütəxəssis 2007/08 mövsümündə futbolçu kimi bu komandada çıxış edib.

"Qarabağ"ın rəqibi ev oyunlarını Enşededəki "De Qrolş Veste" stadionunda keçirir. 10 may 1998-ci ildə istifadəyə verilən arena 2008-ci ildə təmir olunub. Stadionun azarkeş tutumu 30206 nəfərdir.

"Tvente"nin kapitanı Danimarka yığmasının 23 yaşlı müdafiəçisi Andreas Byellanddır. Komandada Kuraçao, Danimarka, Mərakeş, Norveç, Meksika, İsveç, Almaniya, Qana, Çili, Peru və Polşadan 13 legioner çıxış edir. "Tvente"nin üzvləri müxtəlif ölkələrin yığmasında top qovur.

Qapıçılar: Nik Marsman (Hollandiya), Sonni Stevens (Hollandiya), Filip Bednarek (Polşa).

Müdafiəçilər: Kuko Martina (Kuraçao), Andreas Byelland (Danimarka), Darril Lakman (Hollandiya), Robbert Şkilder (Hollandiya), Diko Koppers (Hollandiya), Tim Breukers (Hollandiya), Rasmus Benqtsson (İsveç), Yoahim Andersen (Danimarka), Renato Tapya (Peru).

Yarımmüdafiəçilər: Kile Ebesilio (Hollandiya), Xesus Korona (Meksika), Şadrax Eqan (Qana), Felip Qutiyerres (Çili), Kasper Kusk (Danimarka).

Hücumçular: Yuness Moxtar (Mərakeş), Torqer Borven (Norveç), Tim Hölşer (Almaniya), Bilal Ould-Çix (Hollandiya), Luk Kastaiqnos (Hollandiya).











DOSTLARINLA PAYLAŞ:

oyunlar