Qarabağ klubu cərimə olundu
06 May 2009 Çərşənbə 10:10
16 illik fasilədən sonra Ağdamda çempionat oyunu keçirən "Qarabağ" azarkeşlərinin intizamsızlığına görə cəzalandırılıb

 

AFFA İntizam Komitəsi Premyer Liqanın 24-cü turu ilə bağlı klublara verilən cəzaları açıqlayıb. 16 illik fasilədən sonra Ağdamda çempionat oyunu keçirən "Qarabağ" azarkeşlərinin itizamsızlığı səbəbindən 7000 manat cərimə olunub. XXIV tur çərçivəsində keçirilən "Bakı" - "Simurq" matçında "Simurq" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.  

Oyunun 81-ci dəqiqəsində "Bakı" komandasının məşqçisi Asif Əliyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 4 oyunluq cəzalandırılıb, klub isə  4000 manat cərimə olunub.  

"Bakılı" - MOİK matçında "Bakılı" klubunun 5, MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat məbləğində cərimələnib.

"Xəzər-Lənkəran" - "Qəbələ" matçının 79-cu dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Xəzər-Lənkəran" klubunun stadionunun direktoru Höccət Hacıyev hakimləri təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub.

XXIV tur çərçivəsində Ağdamda keçirilən "Qarabağ" - "İnter" matçının 35-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təzyiq göstərmək istəmiş, lakin polis və təhlükəsizlik xidmətinin köməkliyi ilə hakimlər meydandan çıxarılıb. Bu hadisə ilə əlaqədar olaraq, stadionda təhlükəsizlik tam təmin olunmadığı üçün meydan sahibi "Qarabağ" klubu 5000 manat cərimə olunub. Ağdam icra hakimiyyəti başçısı tərəfindən qarşıdakı oyunlarda təhlükəsizliyin yüksək səviyyədə olacağı haqda Peşəkar Futbol Liqasına (PFL) zəmanət məktubu göndərilib. Lakin növbəti oxşar hadisənin təkrarlanacağı təqdirdə İntizam Komitəsi daha ciddi tədbirlərə əl atacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar