Milli komandamız pisxoloji cəhətdən hazırdır.
24 Mart 2009 Çərşənbə Axşamı 18:25
Azərbaycan A Milli komandasının baş məşqçisi Berti Foqts komandanın pisxoloji cəhətdən tam hazır olduğunu bildirib
Futbol üzrə Azərbaycan A Milli komandası Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya millisinə qarşı keçirəcəyi oyuna hazırlığı davam etdirir. Milli komandamız hazırlığın Bakı mərhələsini sabah yekunlaşdıracaq. Martın 26-da səhər saatlarında isə Rusiyanın paytaxtı Moskvaya yola düşəcəklər. Millinin baş məşqçisi Berti Foqts yetirmələrinin hazırlığından razıdır: “Bir neçə gündür ki, məşq edirik. Hər şey yaxşılığa doğru gedir. Bu gündən etibarən isə taktiki cəhətdən hazırlığa başlamışıq. Komanda psixoloji cəhətdən də tam hazırdır. Futbolçular bir-biriləri ilə yaxşı anlaşırlar. Müəyyən oyun epizodları ilə bağlı müzakirələr aparırlar. Sevindiricidir ki, biz bir komandayıq.”

Amma milli komandamızın heyətlə bağlı problemləri var. Qapıçı Kamran Ağayev və yarımmüdafiəçi Aleksandr Çertaqanov zədəli olduqları üçün Moskvaya aparılmayacaq. Zaur Tağızadənin formada olmadığını düşünən Berti Foqts onu millidən kənarlaşdırıb. Almaniyalı mütəxəssis Zaurla yanaşı, Türkiyənin Boluspor klubunda çıxış edən İlqar Qurbanovu da siyahıdan silib. Berti Foqts, İ.Qurbanovun peşəkarlıqdan uzaq olduğunu bildirib: “İlqar Qurbanov peşəkarlıqdan uzaq hərəkətlər edirdi. 1000 metrəni 5 dəqiqəyə güclə qaçır. Futbolçu 90 dəqiqə ərzində 12-14 km məsafə qət etməlidir. Mən 63 yaşında ondan çox qaçıram. Biz oyunları təhlil edəndə İlqar yatır. Özü üçün ayrıca yemək sifariş verir. Bunlar hamısı peşəkarlıqdan uzaqdır. O, öz şousunu Türkiyədə göstərsin. Nə qədər ki, mən millinin baş məşqçisiyəm, İlqar bir daha bu komandaya dəvət almayacaq”.
 
/ANS TV/


DOSTLARINLA PAYLAŞ:

oyunlar