Güləşçilərimiz Avropa çempionatına uğursuz başladılar
05 Aprel 2009 Bazar 11:20
Litvada keçirilən Avropa çempionatında mübarizəyə qoşulan 4 idmaçıdan heç biri medal qazana bilməyib

Litvanın paytaxtı Vilnüsdə keçirilən güləş üzrə Avropa çempionatında Yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. İlk gündə döşək üzərinə çıxan 4 azərbaycanlı güləşçidən heç biri medal qazana bilməyib. 55 kq çəkidə yarışan Pekin olimpiadasının gümüş mükafatçısı, Rövşən Bayramov yarışa qələbə ilə başlayıb. Təmsilçimiz 1/8 finalda Litva güləşçisi Oleq Lavrovyanesi məğlub edib. Növbəti mərhələdə Bolqarıstan güləşçisi Aleksandar Kostadionovla qarşılaşan Rövşən uğurun davamını gətirə bilməyib. ¼ finalda uduzan güləşçi Avropa çempionatını medalsız başa vurub.

60 kq çəki dərəcsində yarışan Fuad Əliyev ilk görüşdə İsveç güləşçisi Yesper Karlssonu, 1/4 finalda isə finlandiyalı Ville Pasaneni məğlub edib. Yarımfinalda polşalı Eduard Barseqinlə ilə qarşılaşan güləşçimiz rəqibinə məğlub olub. Daha sonra bürünc medal uğrunda görüşdə bolqarıstanlı İvo Angelovla qarşılaşan Fuad, bu görüşdə də məğlub olaraq medal qazana bilməyib.

Afina-2004 olimpiya oyunlarının qalibi, Fərid Mansurov da ilk görüşünü qələbə ilə başa vurub. 60 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşdə Türkiyə təmsilçisi Refik Ayvazoğlunu məğlub edib. Növbəti görüşündə bolqarıstanlı Plamen Petrovla qarşılaşan güləşçimiz, rəqibini məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə rusiyalı Ambako Vaşadze ilə qarşılaşan Fərid məğlub olaraq yarımfinala çıxa bilməyib. Rusiya güləşçisi finala kimi irəlilədiyi üçün təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edən Fərid, uğursuz çıxış edərək bürünc medal qazanmaq şanısnı da əldən verib.

74 kq çəkidə yarışan Elvin Mürsəliyev ilk görüşdə polşalı Xristof Kovalskini məğlub edib. Növbəti mərhələdə Macarıstan güləşçisi Peter Bacsilə qarşılaşan güləşçimiz , rəqibini məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə belaruslu Aleksandr Kikinova məğlub olan Elvin Mürsəliyev mübarizəni dayandırıb.

Avropa çempionatında bu gün daha 3 çəki dərəcəsində yarışlar keçiriləcək. 84 kq-da Azərbaycanı təmsil edən Şalva Qadabadze il görüşdə xorvatiyalı Deni Lipiclə qarşılaşacaq. 96 kq çəkidə yarışan Denis Mişin isə ilk görüşdə gürcüstanlı Aleksandr Burdiladze ilə qarşılaşacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar