Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilir
10 May 2009 Bazar 09:35
Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirdə, Azərbaycan cüdoçuları ilə yanaşı, Türkiyə, Gürcüstan, Türkmənistan, İran və Rusiya idmançıları da mübarizə aparır

 

Bakıda yeniyetmə cüdoçular arasında beynəlxalq turnir start götürüb. Turnir iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunub. Yarışda Azərbaycan cüdoçuları ilə yanaşı, Türkiyə, Gürcüstan, Türkmənistan, İran və Rusiya idmançıları da mübarizə aparırlar. Rusiya və Azərbaycan turnirdə iki komanda ilə təmsil olunub.

İki gün davam edəcək yarışda 18 dəst medal komplekti öz sahibini tapacaq. İlk yarış günü həm cüdoçu qızlar, həm də oğlanlar 4 çəki dərəcəsində xatirə turnirinin qaliblərini müəyyən ediblər. Çəkisi 36, 44 və 48 kq-dək olan cüdoçuların yarışında Vəsilə Əmirova, Almaz İsmayılova və Elvira Quçayeva qələbə qazanıblar. 40 kq çəki dərəcəsində isə Gürcüstan cüdoçusu Quranda Şotodze qələbə qazanıb. Cüdoçu oğlanların turnirində də qızıl medalları Azərbaycan cüdoçuları qazanıb. 46, 50, 55 və 60 kq çəki dərəcələrində cüdoçularımızdan Nəsimi Umbayev, Kənan Quliyev, Musa Xəlilli və Arif Şahlarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu gün həm cüdoçu qızlar, həm də oğlanlar daha 5 çəki dərəcəsində xatirə turnirinin qaliblərini müəyyən edəcəklər./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar