Azərbaycan karateçiləri Avropa çempionu oldu
05 May 2014 Bazar Ertəsi 21:22
Finalda azərbaycanlı idmançılar türkiyəli rəqiblərini udaraq ilk dəfə komanda kumite yarışlarında qızıl medal qazanıb.
Azərbaycan kaarteçiləri Avropa çempionu olub.

ANS PRESS-in məlumatına görə, Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində 39-cu Avropa çempionatının qalibi olub.

Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda dörd güclü rəqibinə qalib gəlib.

Latviya komandasını 3:0, dünya çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gəlmiş Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub etmiş idmançılarımız finalda favoritlərdən olan Türkiyəli rəqiblərini məğlub edərək tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olublar.

Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (-50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan 23 medal qazana bilən ölkə arasında 4-cü pilləyə yüksəlib.

Milli komandamız 6 may tarixində vətənə dönəcək.





DOSTLARINLA PAYLAŞ:

oyunlar