3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib
01 Aprel 2009 Çərşənbə 16:20
Finala vəsiqə qazanan 3 güləşçimizdən ikisi həlledici görüşdə Rusiya güləşçiləri ilə qarşıalaşacaq

Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatında bu gün mübarizəyə qoşulan 3 güləşçimiz artıq finala vəsiqə qazanıb. 60 kq çəki dərcəsində yarışan Zəlimxan Hüseynov, 1/8 finalda yunansıtanlı Aleksandros Pilavidisi, ¼ finalda rumıniyalı George Bucuru, yarımfinalda isə Gürcüstan güləşçisi Malxaz Kurdianini məğlub edib. Hüseynov finalda rusiyalı Adam Batırovla qarşılaşacaq.

74 kq çəkidə mübarizə aparan Çamsulvara Çamsulvarayev isə 1/8 finalda fransız Luca Lampisi, ¼ finalda almaniyalı Andrey Şyykanı, yarımfinalda isə bolqarıstanlı Kiril Terziyevi məğlub edərək finala yüksəlib. Çamsulvarayevin finaldakı rəqibi Türkiyə güləşçisi Fırat Binici olacaq.

Digər güləşçimiz 96 kq çəkidə yarışan Xetaq Qazyumov isə, macarıstanlı Daniel Ligetini, Türkiyə güləşçisi Serhat Balcını və moldovalı Nikolay Cebanı məğlub edərək finala yüksəlib. Xetaq Qazyumov qızıl medal uğrunda rusiyalı güləşçi Georgi Kotoevlə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə 3 güləşçimiz medal qazanmağa nail olub. Əli İsayev (120 kq) qızıl, Cəbrayıl Həsənov (66 kq) gümüş, Novruz Temrezov (84 kq) isə Avropa çempionatının bürünc medalını qazanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar