Quba-Xaçmaz yolunda qəza
02 Aprel 2009 Cümə Axşamı 11:30
Sürücü və sərnişin xəsarət alıb

Aprelin 1-də axşam saat 17.00 radələrində Quba-Xaçmaz yolununun 1-ci km-də ağır yol qəzası baş verib. ANSPRESS-in bölgə müxbirinin məlumatına görə,  Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini  27 yaşlı Səbuhi Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomobil yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Nəticədə "Kamaz" aşaraq ön hissəsi bir neçə yerə bölünüb.

Hadisəni araşdıran Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Elşən Mürsəliyevin ANSPRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində sürücü S. Məmmədov və sərnişini Qusar rayon sakini 37 yaşlı Xanbala Nəsrulla oğlu Hacıyev xəsarət alıb. Hər iki yaralı Xaşmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Səbuhi Məmmədovun ayağı qırıldığından o,daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. X. Nəsrullayevə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Müstəntiq E. Mürsəliyev bildirib ki, ilkin ehtimala görə, hadisə sürücünün sərxoş olması və avtomobili yüksək sürətlə idarə etməsindən baş verib. Faktla bağlı Xaçmaz rayon polis şöbəsində  Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.  

Qeyd edək ki, hadisə baş verərkən "Kamaz" markalı avtomobil çınqılla yüklü imiş.

Aytəkin Alxaslı/ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar