Dövlət Sosial Müdafiə Fondunda həbs
02 Aprel 2009 Cümə Axşamı 22:15
Onlar qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma, külli miqdarda mənimsəmə və ya israf etmədə təqsirli bilinirlər

 

Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanılıb.  Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə,

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq olunan digər cinayət işi üzrə müəyyən edilib ki, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu ilə qabaqcadan cinayət əlaqəsinə girərək 2007-ci ilin avqust ayından Laçın rayon sakinləri olan 95 nəfər və əlillik müddəti qurtarmış 15 nəfər şəxsin pensiya almaq hüququ olmadığı halda, onların adlarına heç bir pensiya işləri açılmadan, həmin şəxslərin pensiya alması üçün öz qulluq səlahiyyətlərinə aid olmayan qanunsuz hərəkətlər edərək, təkrarən onlardan külli miqdarda şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət alaraq, onlara pensiya kartlarının verilməsinə və pensiya ödənişlərinin davam etdirilməsinə nail olub, bundan sonra öz qulluq mövqeyindən istifadə etməklə, həmin vətəndaşlara qanunsuz verilən pensiya kartları üzrə dövlət büdcəsindən ayrılan pul vəsaitlərini israf etmə yolu ilə külli miqdarda talayıb.
F.Cabbarov M.Musayevin rayon sakinlərinə pensiya təşkil etmək imkanı olması və bunun üçün onlardan müxtəlif məbləğlərdə pul vəsaiti alınması barədə təklifini qəbul edərək, onunla cinayət əlaqəsinə girib, 2007-2008-ci illərdə rayon sakinlərindən pensiya almaq hüququ olmayan və əlillik müddəti qurtarmış şəxslərə pensiya verilməsi üçün Şükürov Qədir Əvəz oğlu və qeyrilərindən cəmi 37 min 120 manat şəxsən və vasitəçilərdən istifadə etməklə rüşvət kimi aldığı pulu M.Musayevlə bölüşmüş, sövdələşdiyi şəxslərin adlarına heç bir pensiya işləri açılmadan və pensiya təyinatı aparılmadan onların adlarını plastik kartlar alınması üçün tərtib olunan sifarişlərə daxil edib M.Musayevə təsdiq etdirməklə müvafiq kartların alınmasına nail olub. O, eləcə də əlillik müddəti qurtarmış və yenidən həkim-ekspert komissiyasından keçməmiş şəxslər üçün isə mövcud pensiya işləri üzrə pensiya ödənişlərinin davam etdirilməsinə dair sifarişləri M.Musayevə təsdiq etdirib pensiya ödənilməsini reallaşdırıb.
Bununla yanaşı, F.Cabbarov M.Musayevlə cinayət əlaqəsinə girərək 2007-2008-ci illər ərzində rüşvət almaqla, 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması nəticəsində ona etibar edilmiş özgə əmlakı olan cəmi 78 min 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.
Müəyyən edilib ki, pensiya almaq hüququ olmayan 95 şəxsin adına pensiya təyinatı aparılmadan alınan pensiya kartları üzrə 2008-ci il sentyabrın 1-dək cəmi 66.803 manat məbləğində, həmçinin 15 nəfər pensiyaçının əlillik müddəti qurtardığı halda pensiya ödənişləri davam etdirilməklə cəmi 11.613 manat qanunsuz pul ödənilib.
İstintaq zamanı fondun əməkdaşları şahid qismində dindirilərkən müəyyən edilib ki, şöbənin maliyyə-uçot sektorunun mühasibi işləyən F.Cabbarov 2007-2008-ci illərdə pensiya almaq hüququ olmayan 95 nəfər Laçın rayon sakininin adına heç bir pensiya işləri açılmadan və müvafiq sənədləşmələr, eləcə də pensiya təyinatı aparılmadan onların adlarını kompyuter bazasına daxil edərək, həmin şəxslərin adlarına pensiya kartları alınması üçün sifarişləri müdiriyyətə təsdiq etdirib “Kapitalbank”ın Ağcabədi rayon filialına göndərib.
İstintaq gedişində F.Cabbarovun evində aparılan axtarış zamanı fondun və icra nümayəndəliklərinin möhürləri ilə təsdiqlənmiş boş etibarnamələr və blanklar, müxtəlif adlar yazılan siyahılar, həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən pul ödənilməsi barədə müvafiq qaydada təsdiq olunmamış bank qəbzləri, əlillik müddəti qurtarmış və 15 nəfərdən biri olan Təmrəzova Əsli Təmiraz qızının həkim-ekspert komissiyası işi və digər sənədlər aşkar edilərək götürülüb.
Törətdiyi cinayət əməllərinə görə F.Cabbarov və M.Musayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma, külli miqdarda mənimsəmə və ya israf etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 179.3.2-ci, 311.2-ci, 311.3.1-ci, 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar