Türkmənistan Xəzərlə bağlı Azərbaycanı beynəlxalq məhkəməyə verəcək
25 İyul 2009 Şənbə 11:35
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanın iddialarını öyrənmək və xarici neft-qaz şirkətlərinin onların kəşfiyyatı və işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün nüfuzlu beynəlxalq ekspertlərə, yüksək səviyyəli hüquqşünaslara müraciət etmək, sonra isə hazırlanmış sənədləri Beynəlxalq Arbitraj Məhkəməsinə göndərmək barədə tapşırıq verib.
APA-nın məlumatına görə, prezident bu işi Nazirlər Kabinetinin iclasında baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredova həvalə edib. İclasda xarici işlər nazirinin müavini, Prezident Yanında Xəzər Məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov iyulun 15-17-də Bakıda Xəzərin dibinin və yeraltı sərvətlərinin bölünməsi ilə bağlı Türkmənistan-Azərbaycan danışıqlarının yekunları barədə məlumat verib.

İclasda qeyd edilib ki, Türkmənistan tərəfinin səylərinə baxmayaraq, bu məsələdə konsensus hələ əldə olunmayıb. Buna səbəb Türkmənistanla Azərbaycan arasında Xəzərin mərkəzi hissəsində yerləşən mübahisəli neft-qaz yataqlarının kimə məxsus olması ilə bağlı fikir ayrılığıdır. Prezident Q. Berdıməhəmmədov hesabatı dinləyəndən sonra bəyan edib ki, Xəzər problematikası və konkret olaraq Xəzərin delimitasiyasının, dibinin və yeraltı sərvətlərinin bölünməsi prinsiplərinin razılaşdırılması ölkə üçün təxirəsalınmaz vəzifədir.

Danışıqların tarixçəsinə toxunan prezident deyib ki, bu sahədə tərəfləri razı sala biləcək qərarın tapılmasının yubanmasının səbəbi mübahisəli «Ömər» və «Osman» yataqları, əsasən isə əvvəllər «Aralıq» adlandırılan «Sərdar» yatağına iddialı olan Azərbaycanın xüsusi mövqeyidir. Onun sözlərinə görə, SSRİ dövründə müvafiq nazirlik və idarələr tərəfindən təsdiqlənmiş normativ aktlarda göstərilib ki bu yataqlar Türkmənistanın ərazi çərçivəsindədir: “Xəzərdə belə birtərəfli hərəkətlər, ilk növbədə maraqlı ölkələr arasında razılaşma olmadan sahələrin işlənməsi Türkmənistan üçün qəbul olunmazdır. Beynəlxalq əməkdaşlığın əsas prinsiplərindən irəli gələrək Türkmənistan tərəfi mübahisəli əraziləri Türkmənistan-Azərbaycan danışıqlarının gündəliyinə salıb, lakin razılıq əldə olunmayıb. Yaranmış vəziyyət isə Xəzərin Türkmənistan şelfinin təbii resurslarından istifadəni, regionun iqtisadi inkişafı üzrə mühüm proqramların həyata keçməsini, dənizin və sahilin ekoloji rifahının qorunmasını ləngidir”.

Prezident bəyan edib ki, Türkmənistan heç kimin ərazilərinə iddialı deyil, hər zaman unikal gölün beynəlxalq hüquq və dəniz sərhədlərinin müəyyən olunması ilə bağlı dünya təcrübəsinə əsasən ədalətli bölünməsinin tərəfdarı olub.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar